Sabah Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? - AÇIQLAMA
“İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh müqaviləsinin imzalanacağı barədə səsləndirilən fikirlər bir qədər reallıqdan uzadır”. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib. O bildirib ki, xüsusən, Türkiyə mətbuatında və türkiyəli ekspertlərin şərhlərində sülh müqaviləsinin ay sonuna qədər imzalanacağı ehtimalına daha çox rast gəlinir: “Mən isə düşünürəm ki, yaxın perspektivdə olmasa da, ən azından sülhə gedən yolda ya çərçivə sənədinin imzalanması, ya da Zəngəzur dəhlizi ilə bağlı müəyyən irəliləyişlər əldə oluna bilər. Həm Paşinyanın Konstitusiyaya dəyişiklik, ümumiyyətlə, sülhlə bağlı verdiyi bəyanatlar, həm də Ermənistanda bu istiqamətdə atılan addımlar göstərir ki, artıq Ermənistan özündə nisbətən konstruktiv yanaşmaları daha çox ehtiva etməyə başlayıb və bunu əməli addımlarla da davam etdirmək istəyir. Təbii ki, sülh müqaviləsinin imzalanması ilə bağlı yekun nəticə yalnız sabahkı görüşdən deyil, sonrakı mərhələlərdə keçiriləcək görüşlərdən də asılı olacaq”.