“İrəvan Qərbin əlində alət olmamalıdır...” - Kremldən Paşinyanın cavab gəldi
Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə son müsahibəsində Rusiyada qıcıq yaradacaq fikirlər işlədib. Paşinyan müsahibəsində hətta Rusiyanın Cənubi Qafqazı tərk edəcəyini bildirib: “Əslində, Rusiya kifayət qədər uzun müddətdir ki, bizim regionda, Cənubi Qafqazdadır. Amma müşahidələrimiz onu deməyə əsas verir ki, bir gün, bir ay və ya bir il sonra Rusiyanın Cənubi Qafqazı sadəcə olaraq tərk etdiyini görəcəyik”. Mediaxeberleri.Az xəbər verir ki, gözlənildiyi kimi, Paşinyanın söylədikləri Kremldə böyük narazılıq yaradıb. Belə ki, Rusiyanın TASS dövlət agentliyi Rusiya XİN-dəki mənbələrə istinadla Paşinyanın açıqlamalarının “mahiyyəti və tonuna görə qəbuledilməz” olduğunu bildirib: “Moskva Baş nazirin “La Repubblica” qəzetinə müsahibəsi, Ermənistan XİN-in 31 avqust tarixli şərhi də daxil olmaqla, Ermənistan rəhbərliyinin açıqlamalarından olduqca narazıdır. Bunlar mahiyyəti və tonu etibarilə qəbuledilməz olmaqla, öz səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa yönəlib”. Diplomatik mənbə Rusiyanın Paşinyanın dediklərinin əksinə olaraq, Cənubi Qafqazı qətiyyən tərk etmək fikrində olmadığını bildirib və qeyd edib ki, Moskvada Ermənistana Qərbin əlində alət olmamağı məsləhət bilirlər: “Əslində, Rusiyanı süni yolla regiondan çıxarmaq istəyirlər və bu məqsədlə İrəvandan alət kimi istifadə edirlər. Ancaq Rusiya Ermənistanın yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Eyni zamanda, Ermənistanın da Rusiyanın sıxışdırılması üçün istifadə aləti olması gərək deyil...”