Mediaxeberleri.az
    
  • Ağstafada qardaş qardaşın qanını tökdü
    Ağstafada qardaş qardaşın qanını tökdü
  • 
  • Həyat yoldaşını döyərək öldürdü - BAKIDA
    Həyat yoldaşını döyərək öldürdü - BAKIDA
  • 
  • Bir-birimizə verdiyimiz mənəvi və siyasi dəstəyimiz haqq işimizi inamla həyata keçirməyimizə yol açır - RƏY
    Bir-birimizə verdiyimiz mənəvi və siyasi dəstəyimiz haqq işimizi inamla həyata keçirməyimizə yol açır - RƏY
  • 
  • Qazaxda şair Rayət Əlinin 65 illik yubileyi qeyd olunub - FOTO
    Qazaxda şair Rayət Əlinin 65 illik yubileyi qeyd olunub - FOTO
  • 
  • Ağstafada ailə FACİƏSİ:  Müəmmalı "8" rəqəmi
    Ağstafada ailə FACİƏSİ: Müəmmalı "8" rəqəmi
  • 
  • Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb
    Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb
  • 
  • 216 saylı məktəbin direktoru ilə bağlı iddialar əsaslıdır?
    216 saylı məktəbin direktoru ilə bağlı iddialar əsaslıdır?
  • 
  • İlahiyyatçı hansı "adət"i yıxıb sürüdü?: "İndi ölünün yanına "Mercedes" basdırmalıdırlar?!"
    İlahiyyatçı hansı "adət"i yıxıb sürüdü?: "İndi ölünün yanına "Mercedes" basdırmalıdırlar?!"
  • 
  • "Oğlunu həbsdən azad edəcəyik" deyib, 22 minini mənimsədi
    "Oğlunu həbsdən azad edəcəyik" deyib, 22 minini mənimsədi
  • 
  • Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır - Səbəb nədir? - VİDEO
    Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır - Səbəb nədir? - VİDEO
  • 
  • Beyni zombiləşdirən qidalar...
    Beyni zombiləşdirən qidalar...
  • 
  • Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar
    Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar
  • 
  • İran-İsrail savaşı ilə bağlı QORXUNC SSENARİ – Bu ölkələr də münaqişəyə daxil ola BİLƏR
    İran-İsrail savaşı ilə bağlı QORXUNC SSENARİ – Bu ölkələr də münaqişəyə daxil ola BİLƏR
  • 
  • İrandan təxliyə: Qazaxıstanın 6 vətəndaşı ölkəmizə keçdi - Foto
    İrandan təxliyə: Qazaxıstanın 6 vətəndaşı ölkəmizə keçdi - Foto
  • 
  • Qurtuluş günü münasibətilə “İnan mənə” tamaşası nümayiş etdirilib — FOTOLAR
    Qurtuluş günü münasibətilə “İnan mənə” tamaşası nümayiş etdirilib — FOTOLAR
  • 
  • Qazaxda evə basqın - 3 nəfərə xəsarət yetirildi
    Qazaxda evə basqın - 3 nəfərə xəsarət yetirildi
  • 
  • Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO
    Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO
  • 
  • Ağstafada ər 18 yaşlı arvadının başını kəsib - AĞIR CƏZA VERİLDİ
    Ağstafada ər 18 yaşlı arvadının başını kəsib - AĞIR CƏZA VERİLDİ
  • 
  • Fərid Qayıbov: "Cənub zonasında boks ənənələri var"
    Fərid Qayıbov: "Cənub zonasında boks ənənələri var"
  • 
  • Məhkəmə "Azərbaycan Dəmir Yolları"nın yanacağını satan maşinistə cəza verdi
    Məhkəmə "Azərbaycan Dəmir Yolları"nın yanacağını satan maşinistə cəza verdi
  • 
  • "Maraqlıdır ki, Azərbaycan Dəmir Yolları belə ifrat yüksək qiyməti hansı təbəqə üçün müəyyən edib?"
    "Maraqlıdır ki, Azərbaycan Dəmir Yolları belə ifrat yüksək qiyməti hansı təbəqə üçün müəyyən edib?"

Son xəbərlər :
  • İşə Rəhimov qarışdı: Bütün imkanlarımdan və nüfuzumdan istifadə edəcəyəm
  • Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
  • Bu gün Milli Sevgililər Günüdür
  • YEKATERİNBURQ DƏHŞƏTİ: Şovinizm, milli ayrı-seçkilik Rusiyanın dövlət siyasətinə çevrilir
  • "Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir" – Aqil Rüstəmzadə
  • Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
  • Ağdamda mina partlaması nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya edilib
  • Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında
  • Sabahdan Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir
  • “Rusiyada miqrantlara qarşı qəddarlığın səbəbi Ukraynadakı uğursuzluqlarıdır” - Xaləddin İbrahimli
  • Aqrar xərclər durmadan artır: Bu vəziyyət fermerlərə necə təsir edir?
  • Komitə: "Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
  • KASIBLIQ İNSANI AXMAQLAŞDIRIR: Yekaterinburq qətliamı sonrası düşüncələr
  • “OMON ÖZBAŞINALIĞI”, YOXSA SİYASİ SİFARİŞ? – Rusiyadakı azərbaycanlılar növbəti təxribatlarla üzləşə bilər
  • Deputat: Miqrantlara qarşı amansız münasibət, islamofobiya Rusiyanın dövlət siyasəti səviyyəsinə qalxıb
  • Kremlin Azərbaycana “təşəkkürü” – Yekaterinburq SİNDROMU
  • Xamenei və onun Azərbaycanla müharibəsi
  • Pirşağıda güclü yanğın başladı
  • “Kəpəz”də iki yeni müqavilə
  • Azərbaycan parlamentinin nümayəndə heyəti o iclasda iştirak etməyəcək - Rusiyaya səfər ləğv edildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

AZƏRBAYCAN ELMİ: HARA GEDİR? - Xalid Niyazov yazır

  • Tarix: 25-06-2025, 10:04


Xalid NİYAZOV,


Əməkdar jurnalist, Siyasi elmlər doktoru

“Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər”.

Emil Zolya

Çağdaş dünyada elmi-intellektual potensial davamlı inkişafın əsas meyarına çevrilmişdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən ölkələr milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. İqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm amillərdən biri də məhz elmin, təhsilin, rəqəmsal texnologiyaların inkişaf səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə güclü insan kapitalının formalaşdırılmasıdır.

Həzərat, bizə elm lazımdırmı?

Ritorik sualdır. Dəyərlərin dəyər itirdiyi, mənəviyyatın artefakta çevrildiyi, gödəniyyətin mədəniyyəti üstələdiyi, inkişafın lokomotivi kimi yüksək bilik əsaslı iqtisadiyyatı və yüksək texnologiyaları deyil, xammal əsaslı, idxala hesablanmış iqtisadi modeli prioritet sayan, əsas yaşam aləti olan pulun biliklə, əqli-intellektual zəhmətlə, başla deyil, “daş-başla” əldə olunmasını leqallaşdıran və təqdir edən cəmiyyətlərdə bu sualın birmənalı cavabı vardır – Yox!

Ola bilsin ki, bunu ucadan söyləmirlər, hətta cəmiyyətin ən zavallı kəsimi sayılan alim-ziyalılarla görüşlərdə 180 dərəcə “reverens” edib yüksək materiyalardan “dəm vururlar”. Amma və lakin ağıllı, düşünən, dünyagörüşlü, savadlı rəiyyət “samodur” idarəçilərin “başının daşı”, tənqidçisi olduğu üçün bu təbəqəyə bir qayda olaraq “sinfi-antoqonist” nifrət bəsləyirlər. Bu, bütün zamanlarda və qeyri rasional inkişaf yolu seçmiş ölkələrdə belə olub. Heyif deyilmi bir parça çörəyə möhtac xalq?!

Söylənənlər, sosial-fəlsəfi olmaqla qalmayıb həm də qayət obyektiv-gerçək bir yanaşmadır.

Zamanında istər Qərbdə, istərsə də Şərqdə cəhaləti, mənhusluğu, tənəzzülü təbliğ və himayə edən, dinin həm felən, həm də ruhən həqiqi anlamını, ali təyinat və məqsədini inkar edib sxolastikaya, cəhalət girdabına yuvarlayan kilsə və molla zehniyyəti elmi inkar etmiş, onun bəşər sivilzasiyasına bəxş etdiyi töhfələri danmış, elm və irfan adamlarını şaqqalayıb odlara yaxmışdır.

Kopernikin heliosentrik modelini müdafiə etdiyinə görə Qalileyi kim təqib edirdi? Cordano Brunonu, Migel Servet, Etyen Dole, Djulio Çezare Vaninini və başqalarını niyə yandırdılar, qətl etdilər, asdılar?!

Ptolemeyin nümayəndəsi olduğu İsgəndəriyyə elmi məktəbi 640-cı ildən sonra ərəblər tərəfindən bu şəhərin işğalı zamanı məşhur İsgəndəriyyə kitabxanasının yanması ilə süqut etdi.

1428-ci ildə Əmir Teymurun nəvəsi və Teymurilər sülaləsinin başçısı olan Uluqbəy tərəfindən tikilmiş observatoriya ölümündən sonra dini fanatiklər tərəfindən yerlə yeksan edildi.

Bu siyahını uzatmaq da mümkündür, eynilə zaman proyeksiyasını günümüzədək uzatmaq kimi.

Bəli, elm cəmiyyətə bəşəri dəyərlər, yeni kəşflər, rasional düşüncə sistemi gətirdiyinə və məhz seçilmişlərin “fəaliyyət sahəsi” olduğuna görə müxtəlif qüvvələr tərəfindən bəşər tarixinin İntibah dövrünə qədər çox ciddi şəkildə təqib olunmuşdur.

Nə qədər təəccüblü olsa da eyni zehniyyət sahibləri XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda da peyda olmuşdular. Dünya elm xəzinəsinə qədərincə düha bəxş etmiş bir ölkədə hakimiyyətdə olduğu bir il ərzində elm naminə barmağını-barmağına vurmamış bir “cəbhə” iqtidarı Elmlər Akademiyasını ləğv etmək barədə düşünürdü.

Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın elm məbədini “milli Herostrat”ların cinayətkar qəsdindən xilas etdi.

AMEA-nın 2011-ci il aprelin 26-da keçirilmiş illik yığıncağında çıxış edən Prezident İlham Əliyev həmin günləri xatırlayaraq deyirdi: “... Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı”.

Maqaqlıdır, yaxud təəccüblüdür, deyə bilmərik, ancaq faktdır ki, tarixən elmlə kasıblar deyil, əsasən zəngin adamlar məşğul olmuşlar. Bu da təbiidir. Çünki yalnız imkanlı təbəqənin yaxşı təhsil almaq, zamanında heç bir maddi nemət yaratmayan elmlə məşğul olmaqla ailəsini saxlaya bilmək imkanı vardı. Dövran dəyişdikcə bu iş varlı meqapolislərin, müasir dövrümüzdə isə zəngin ölkələrin prioritetinə çevrilmişdir. Əslində, yalnız imkanlı insanlar gündəlik ailə-məişət qayğılarını “unudaraq” “Əşyaların təbiəti haqqında” fəlsəfi düşüncələrə dalmağı özlərinə rəva görə bilərlər.

Gəlin, bu gün elmin inkişaf etdiyi coğrafiyanı nəzərdən keçirək; Qərbi Avropa, Uzaq Şərqdə ötən yüzilliyin 70-80-ci illərində sənayeləşmədən sürətlə bilik iqtisadiyyatına keçən Yaponiya, üçüncü minilliyin fenomenlərindən Cənubi Koreya, Sinqapur, Hindistan, Çin... okeanın o tayında ABŞ, Braziliya. Bu sırada Afrika boyda nəhəng bir qitədən neçə ölkənin adını çəkmək mümkündür? Yoxsulluq və səfalət girdabında boğulan, əhalisinin əksəriyyətinin bir qarın çörəyə möhtac olduğu bir coğrafiyada ciddi elmi araşdırmalardan və kəşflərdən bəhs etmək yəqin ki, ən çılğın təxəyyülün belə qarşısında aciz qaldığı reallıqdır.

Günümüzün elmi özündə nələri ehtiva edir? Bu meydanda təkbaşına mücadilə vermiş Tusi, əl Biruni, Bruno, Lomonosov, Faradey, Maksvell və başqalarının dövranı artıq geridə qalıb. Müasir elm dövlət büdcəsindən ayrılan az sayılmayacaq vəsait hesabına fəaliyyət göstərən böyük alimlər kollektivi, müasir qurğu və avadanlıqları olan təcrübə-sınaq zavodları və laboratoriyalar deməkdir. Müasir “elmi sistemlərin” formalaşması sahəsində əldə edilən nailiyyətlər artıq lokal coğrafiyaları aşaraq bir neçə dövlətin və transmilli sənaye nəhənglərinin büdcə vəsaitlərinin təmərküzləşməsi hesabına baş verir. Və elə təkcə bu fakt onu göstərir ki, artıq yeni biliklərin əldə edilməsi yönündə çəkilən xərclər ayrılıqda götürülmüş bir ölkənin imkanları xaricindədir.

Heç şübhəsiz, yüksək bilik məhsulunun yetişdirilməsi münbit təhsil mühitindən və insan kapitalından asılıdır. Bizdə bu işlə müxtəlif agentlik, idarə və fondların konqlomeratı qismində çıxış edən nəhəng bir nazirlik məşğul olur. Bəs necə olur? - Daha yaxşı ola bilərdi!

“Bütün yollar Romaya aparır”

Bilənlər bilir, amma bu ifadənin necə yarandığından hali olmayanlar üçün söyləyim ki, Qədim Romanın əraziləri daha çox işğalçı yürüşlər hesabına genişləndiyinə görə mərkəzlə, belə demək mümkünsə, kommunikasiyanı saxlamaq məqsədilə yeni yollar salınırdı. Yəni, hara üz tutduğundan asılı olmayaraq, yol səni mütləq gətirib paytaxta çıxaracaqdı. Coğrafi və tarixi mənasından savayı həmin aforizmin bir də metaforik mənası vardı.

Belə bir, ilk baxışda yad narrativin mövzumuza nə dəxli var?!

Məsələ ondadır ki, elmin də bir enişli-yoxuşlu, kəşməkeşli yolu var və həmin yol mütləq təhsildən keçir – orta məktəbdən başlayıb ali təhsil müəssisələrində davam edir. Elmi biliklərin aşılanması və qavranılması prosesi məktəb siniflərində başlayıb universitet auditoriyalarında davam edir. Sabahın potensial aliminin beyninin yoğrulub, rəndələnib, cilalanıb elmi mücadiləyə hazırlanması prosesinə tam nəzarət müəllimlərin əlindədir. Bəs təhsil həmin ali vəzifənin öhdəsindən gələ bilirmi?

- Ölkənin təhsil təsərrüfatı qənaətbəxş vəziyyətdə deyil – desək, yəqin ki, nə kimsəni təəccübləndirə, nə də orijinal görünə biləcəyik. Hər şey göz önündədir. Adamın imkanı olsa iki dənə yekə, güllü, xovlu məhraba götürüb hərəsini bir gözünə tutar.

Əfsuslar olsun ki, başqa dövlətlərin milli ideya səviyyəsinə qaldırdığı bu arxivacib məsələ bizdə üç-beş təhsil “başbiləninin” hobbisi səviyyəsində “həll edilir”. Piramidanın başında kimlər durub? – Əlində jurnal bircə dəfə sinifə yaxud auditoriyaya daxil olmayanlar, elmi məqalənin nə demək olduğundan, necə yazıldığından bixəbərlər, tay-tuşları kitabxanalarda gözlərinin ağını əridəndə curları ilə “tusovkalarda” vaxt keçirənlər və s. Bu da tarixi gerçəkliyin bir ironiyasıdır ki, aktual nazir istisna olmaqla akad. Misir Mərdanovdan sonra ölkə təhsilinə alim-pedaqoqlar deyil, qeyri ixtisas sahibləri başçılıq ediblər... Və buraxdıqları “miras” hələ də göz dağlayır.

Orta məktəb təhsili, demək olar ki, “repetitor” sənayesinin inhisarındadır. Bir müəllimin sinifdə öyrətmədiklərini bir başqası fərdi qaydada öyrətməyə çalışır. Bütöv bir klaster yaradılıb. Günah tək məktəbdədirmi? Xeyr, həm də mentalitetdədir. Valideyn fikirləşir ki, ayda büdcəsindən bəlli bir miqdar xərcləməklə övladının daha yaxşı təhsil almasına dəstək verir. Ortada pulu gedən valideyn, canı, əsəbi və vaxtı gedənsə məktəblidir. Səbəb? - Məktəbin məsuliyyətsizliyi, şagirdinsə laqeydliyi! Müəllimin vəzifəsi keyfiyyətli dərs keçmək, şagirdin borcu isə öyrənməkdir. Həmin zəncirvari tsikl pozulubdur. Ölkədə bir tərəfdə vətəndaşların ödədiyi vergi əsasında formalaşan dövlət büdcəsindən milyardların ayrıldığı leqal təhsil nazirliyi var, digər tərəfdə isə həmin vətəndaşların qonorarı hesabına fəaliyyət göstərən paralel təhsil özfəaliyyəti. Həmin strukturlardan məhz hansının qalmalı olduğunun məqsəduyğunluğu barədə düşünən olubmu? Nazirliyin “innovativ islahatlar” zənbilində bu sualın cavabı, yaxud alternativ təklifləri varmı? Unutmaq olmaz ki, məktəblərdə illərlə nəhəng, peşəkar və vicdanlı bir müəllim kontingenti də formalaşıb və onların zəhmətini danmaq olmaz.

Bu günlərdə təhsil nazirinin müavini F.Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi zamanı çıxışında belə bir faktı səsləndirdi ki, son 10 il ərzində Azərbaycan məktəbliləri beynəlxalq elmi yarışlarda 513 medal qazanıblar... 2025-ci ilin hələ ortasında olmağımıza baxmayaraq, artıq 30 medal qazanılıb. Bu medallardan 4-ü qızıl, 7-si gümüş, 19-u isə bürünc olub. Eləcə də məktəblilərimizin bu il Avstraliyada, Cənubi Amerika, Avropa, Asiya ölkələrində, eləcə də Boliviyada keçiriləcək beynəlxalq fənn olimpiadalarında iştirak edəcəyi vurğulanıb.

Həqiqətən, qürurverici faktdır! Dünyanın “top onluğ”unda yer tutmuş, eləcə də digər nüfuzlu universitetlərində təhsil haqqı qazanmış tələbələrimiz də az deyil. Onları da bizim müəllimlərimiz yetişdiriblər. Sadəcə bir “əmma” ilə – məktəb divarları arasındamı, yoxsa repetitor kimi.

Təhsilin ikinci və daha məsuliyyətli və taleyüklü mərhələsi ali təhsildir.

Elmi qavrayışlar, biliklər ali təhsil müəssisələrinin iyerarxiyasıdır. Auditoriya və laboratoriyalarda tələbələrin görkəmli alim-müəllimlərlə, elmlə ilk ünsiyyəti, təması nəticə etibari ilə perspektivdə yeni bir alim nəslinin yetişməsinin rəhni sayıla bilər.

Ölkədə ənənəsi, görkəmli məzunları ilə tanınan universitetlər mövcuddur – öndə, təbii ki, bütün zamanlarda Azərbaycan ali təhsilinin flaqmanı sayılan Bakı Dövlət Universiteti gəlir. Son illər ADA, UNEÇ, Neft və Sənaye, Texniki universitetlər də ən fərqli indikatorla üzrə müəyyən uğurları ilə fərqlənirlər.

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-nin (Quacquarelli Symonds) dünyanın 1000-dən çox universitetinin yer aldığı sonuncu reytinq cədvəlində Azərbaycanın yalnız bir universiteti yer alıb – Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 951-1000 universitetinin sırasına daxil olub. Sonrakı yüzlüklərdə isə ADNSU və UNEC qərarlaşıb.

Bakı Dövlət Universiteti həmçinin davamlılıq reytinqində də əhəmiyyətli irəliləyişlərə nail olmuşdur.

Açıq məlumat mənbələrində göstərilir ki, “Times Higher Education” (THE) reytinqində də ölkə universitetləri ilk dəfə bir sıra kateqoriyalar üzrə təmsil olunmuşlar. Həmin reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dünya üzrə ilk 1500 + intervalında yer almışlar. THE-nin sahəvi reytinqlərində Bakı Dövlət Universiteti fizika, təbiət elmləri və mühəndislik istiqamətləri ilə təmsil olunur.

Elə bu günlərdə BDU daha bir elmmetrik pozisiya üzrə ölkənin bütün ali məktəblərini qabaqlayıb. “THE İMPACT 2025” reytinqində Bakı Dövlət Universiteti 401-600-cü reytinq sırasında qərarlaşıb.

Universitetlərin sahəvi reytinqlərdə yer tutması bir sıra indekslər üzrə həyata keçirilir. Ali məktəblərin təhsil və elmi araşdırmaların keyfiyyət səviyyəsinin təmin edilməsi və artırılması vəzifələrinin fövqündə digər amillər də mövcuddur ki, bu da həmin müəssisələrin yalnız tanınmış alimlər, akademiklər tərəfindən deyil, eyni zamanda bacarıqlı, çevik, savadlı elm təşkilatçısı və idarəçiləri tərəfindən yönəldilməsininin vacibliyini və məqsədyönlüyünü labüd edir.

Təhsilin problemi çoxdur. Və bəri başdan deyək ki, onların hamısı həll olunandır. Bu barədə ölkənin aparıcı təhsil mütəxəssislərindən prof. Şahlar Əsgərov, dos. İlham Əhmədov və başqaları müntəzəm olaraq deyirlər, yazırlar, göstərirlər. Amma hal bu ki, ağıllı söz öz ünvanına yetişmir. Cılız “eqo”çuluq, kəsafət və ətalət, miskin ambisiya davaları nəticə etibarı ilə bir ölkənin təhsil təsərrüfatında öz mənfi təzahürlərini göstərməkdədir. Aidiyyətli nazirlik bu istiqamətdə rasional, radikal və konstruktiv xarakterli səylərini bir qədər də artırmalıdır.

Bəs nə etməli, nədən başlamalı?

Qayıdaq elmə.

Azərbaycan Prezidenti İlham Əliyev Elmlər Akademiyasındakı məlum çıxışında söyləmişdi ki, ölkənin əsas elm müəssisəsində Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir. ... Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir.

Bəli, Azərbaycan Elmlər Akademiyası bütün zamanlarda dünya elminə çöx gərəkli, sanballı töhfələr vermişdir. Lakin elmə məmur təfəkküründən, özünün “arxa bağça”sı kimi baxan R.Mehdiyevin rəhbərliyi dövrü bu elm ocağının qəddini əydi, elm öz yerini bürokratiyaya dövr etdi, hər şey sovetlərin məşhur “zastoy” dövründə olduğu kimi vitrinə, “pokazuxa”ya, göz boyamağa hesablanmışdı. AMEA-nın dəhlizlərində “37-ci il” rüzgarı əsirdi. İctimai əxlaqsızlıq, elmi falsifikasiya, vəzifə təyinatlarında korrupsiya, vicdanlı alimlərin təqib edilməsi, ləyaqət və elmi kapasitədən məhrum institut direktorlarının himayə edilməsi əsas iş prinsipinə, fəaliyyət qayəsinə çevrildi.



Və bütün bunların nəticəsi kimi Akademiyanın sonrakı prezidentinə mərtəbəsinin üstünə mərtəbə inşa edilmiş bir elm binası deyil, təməli laxlamış, radikal rekonstruksiyaya ehtiyacı olan bir təsərrüfat “miras” qaldı.

Respublikanın elm ictimaiyyəti AMEA-nın aktual prezidenti akad. İsa Həbibbəylini böyük alim və son dərəcə enerjili insan, maraqlı ideyaları, elmi innovasiyaları dəyərləndirən və dəstək verən bacarıqlı elm və təhsil təşkilatçısı kimi tanıyır. O, dörd çağırış AR Milli Məclisinin deputatı olmuş, Elm və təhsil komitəsinin sədri kimi “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunları hazırlamışdır. Yəni elm və təhsil işinin əsil xiridarıdır.

Hamı əmin idi ki, akad. İ.Həbibbəyli qədim yunan tarixçisi Diodorun təbirincə ifadə etsək, bu qurumun “Avgi tövlələrini” açıb əməlli-başlı iməcilik keçirəcək. Və ötən dövrdə elmi tədqiqatların effektiv koordinasiyası, institutlar arasında faydalı əməkdaşlıq formatlarının yaradılması, ən müxtəlif elm sahələrində dəqiq və real perspektiv vəd edən priortetlərin müəyyənləşdirilməsi, elmin populyarlaşdırılması istiqamətində konkret işlər həyata keçirildi.

Könül istərdi ki, bu fəaliyyət bütün akademiya sistemini əhatə etsin, zira, Akademiya prezidentinin qətiyyət və potensialı buna imkan verirdi. Amma və lakin akademiya parçalanmışdı.

2022-ci il 28 iyul tarixində Elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1769 nömrəli Fərmanı işıq üzü gördü. Həmin Fərmanın icrası olaraq Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda olan 66 elmi müəssisədən 37-si Elm və Təhsil Nazirliyinin, 3 müəssisə Mədəniyyət Nazirliyinin tabeliyinə verildi, 26 müəssisə isə Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda qaldı.

Təhsil sferasında düz-əməlli uğuru olmayan bir quruma ölkənin ciddi elm potensialının da etibar edilməsi elmi dairələrdə günəşli havada qəfil şimşək effekti yaratdı.

Əslində, fərman dünyada formalaşmış təcrübə kontekstindən çıxış etdiyi üçün müsbət addımdır. Eyni təşkilati forma qonşu ölkələrin bəzilərində də keçərlidir. Məsələn, Rusiya, Ukrayna və Gürcüstanda təhsil və elm nazirlyi, Qazaxıstanda elm və təhsil nazirliyi ilə yanaşı maarif nazirliyi, Belarusiyada təhsil nazirliyi, Özbəkistanda ali təhsil, elm və innovasiya nazirliyi (məktəb və məktəbəqədər təhsil nazirliyi ayrıdır) fəaliyyət göstərir.

Quruluş forması o zaman elə bir ciddi, kardinal əhəmiyyət kəsb etməz ki, həmin iyerarxiyanın təpəsində təmsil olunmuş şəxslər elmə “sən” deyə müraciət edə biləcək məsafə və səviyyədə olsunlar. Səmimi olaq və etiraf edək – biz o sarıdan yarıyanlar cərgəsində deyilik. Bəli, elm və təhsilin taleyindən yana məsul olan nazir – Emin Əmrullayev gəncdir, enerjilidir, təhlil qabiliyyəti güclüdür, məlumatlıdır, qayət səmimidir, özünəvurğunluq azarından məhrumdur; çıxışlarında tənqid notları kifayət qədər barizdir, bəzi “portfelli” həmkarlarından fərqli olaraq neqativləri ört-basdır etməklə deyil, üstünə getməklə, qabartmaqla fərqlənir... Amma elm adamı deyil, meneceri heç deyil. Gözləmək olardı ki, sonradan özünə elm camiəsinə bələd, bu sahənin nüfuzlu isimlərindən birini müavin təyin edəcək. Ancaq təəssüf ki, müavinləri elmdən uzaq (yalnız F.Qurbanovun iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent ünvanı var - !), elmlə tanışlığı bakalavr üstəgəl magistr təhsilindən o tərəfə adlamayan şəxslərdir. Bu yerdə, necə deyərlər, Kərəmi ağlamaq tutsun-tutmasın?!



Nazirlik elm adlı ağır eşelonu çəkməkdə çətinlik çəkir. Dəqiq, fundamental, təbiət elmlərinin, yəni real sektora töhfə verəcək, dəyər yarada, ÜDM-in formalaşmasında iştirak edə biləcək bir sektorun məsuliyyətinin bu sahədə heç bir təcrübəsi olmayan bir quruma həvalə edilməsi hələlik heç bir perspektiv vəd etmir. Çünki elm statik bir sahə deyil, dinamkanı sevir. Bu seqmentə ideya basqını olmalıdır, həmin “təcavüz” hökmən öz maliyyə qarşılığını tapmalıdır, ideyaların generasiyası ilə məşğul olan alim ləyaqətli məvacib almalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının bölünməsi məsələsinin zərurəti, fəlsəfəsi, bu ideyanın müəllifinin kimliyi, məntiqi yaxud məntiqsizliyi, vəd etdiyi perspektivlərin reallığı yaxud irreallığı və s. barədə hər hansı bir mühakimə yürütmək fikrindən uzağıq. Zira, olan-olub, qapılar bağlanıb, qatar da fit çala-çala gedib. Təsəvvürünü etmək belə adamı vahimələndirir ki, tanınmış, ölkə ilə, dünya ilə bir ad-şanı olan titullu professor və akademiklərə ən yaxşı halda magistr təhsilli adamlar rəhbərlik edəcəklər. Təbii, elmimizin gələcəyi ilə bağlı hər nə qədər pozitiv dalğalara yüklənmək istəsək belə, yenə də respublikanın bu ali elm məbədinin, intellektual qərargahının taleyi vətəndaşı əndişələndirməyə bilmir. İstənilən halda aldığı cüzi məvacib müqabilində bir alim-vətəndaş şücaəti göstərərək elmlə əhd-peymanını pozmayan, normal dolanışıq üçün elmin “daşını” atıb Sədərəkdə tuman-köynək satmağa getməyən fədakar alimlərimizin varlığı bizi optimizmə kökləyir, hər şeyin daha yaxşı olacağı ilə bağlı ümidlərə dirilik verir.

Günümüzdə, təbiri caizsə, klassik Akademiyanın nəzdində Fərmandan da göründüyü kimi, yalnız 26 elmi müəssisə qalmışdır. Əksəriyyəti ictimai-humanitar profilli tədqiqat institutlarıdır. Müasir qloballaşma, yüksək texnologiyalar dövründə xalqın etnik identikliyini şərtləndirən mənəvi-mədəni dəyərlərin qorunub-saxlanmasıda, milli humanitariyanın ideya əsaslarının, ictimai şüura təsir edən effektiv humanitar texnologiyaların işlənib hazırlanmasında, milli mədəni-mənəvi oriyentasiya məsələlərinin müəyyənləşdirilməsində ictimai və humanitar elmlərin geniş imkanlarının səfərbər edilməsi vacibdir. Həmin elmlər hər zaman cəmiyyətdə milli birliyi və milli özünüdərki təmin etməklə dövlətin suverenliyinin və milli təhlükəsizliyin qarantı olan mənəvi immuniteti, həmçinin, ölkənin dayanıqlı inkişaf konsepsiyasının əsasını təşkil etmişlər. Və bu gün Elmlər Akademiyasının çox dəyərli, tanınmış alim kollektivlərinin təmsil olunduğu həmin elmi-tədqiqat institutlarının cəmiyyətdəki ictimai fikrin təşəkkül və inkişafında, mənəvi-estetik dəyərlərin formalaşmasıda, ədəbi-fəlsəfi görüşlərin ölkənin müasir inkişafında yerinin və rolunun təsbit olunmasında müstəsna rolu vardır.

Rəhmətlik Sabir ... zamanında yazırdı ki, adəmi adəm eyləyən parədir. Təkzibi mümkünsüz gerçəklikdir!

Bəzən belə bir fikir eşidirik ki, elm qocalır. Bəli, elmə yeni qan lazımdır. Kimin hesabına olmalıdır? Təbii ki, gənclərin! Amma gənclər “donor” olmaq istəmirlər. Birmənalı! Niyə? Çünki alim maaşı ilə ev saxlamaq, ailə dolandırmaq, xeyir-şərə yaramaq, uşaq oxudub böyütmək mümkün deyil. Elm ölkədə lazımsız, urvatsız, nüfuzsuz bir sahəyə çevrilib. Bəlkə də planlı, düşünülmüş şəkildə! Elmə elmin hansı “əllə yeyildiyini” bilməyənlər rəhbərlik edəndə başqa nə cür olasıdır ki?! Ömrünü elmə həsr etmiş elmlər doktoru, professor akademiyada 700-800 manat maaş alır. Hər kəsin cəmiyyətdəki yerinin, əhəmiyyətinin, eləcə də rifahının maaşındakı sıfırların sayı ilə ölçüldüyü bir vaxtda həmin rəqəmin necə alçaldıcı bir ismarıc, göstərici olduğunun fərqindəmisiniz, həzərat?! İllah ki, bu ölkəyə alim, ziyalı deyil də “podratçı”, “tenderçi”, evtikən, qısası isfəndiyarlar, ibrahimlər, ramazanlarmı lazımdır?!

Millət vəkili Ə.Ələkbərov 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı öz narahatlığını bu cür dilə gətirmişdi: “AMEA-da elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alırlar. Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925.3 manat, paytaxtda isə 1000 manatdan yuxarıdır. Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır. Doğrudanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyrik?! Doğrudanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?!”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Ə.Məsimli elmin maliyyələşdirilməsi ilə bağlı vətəndaş mövqeyini açıqlayaraq faktlara müraciət etmişdir: “Hesabat ilində elm xərcləri ÜDM-in 0,16 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır. Elmi işçilərin əksəriyyətinin maaşları isə çox aşağıdır. Əbədi geri qalmaq istəmiriksə, fikirdə, sözdə və əməldə elmə münasibət köklü surətdə dəyişdirilməli, elmin maliyyələşdirilməsinin beynəlxalq hədəflərinə doğru hərəkətini təmin etmək üçün bu sahədə köklü islahatlar aparılmalıdır. Elmin maliyyələşdirilməsinin bütün ağırlığı dövlət vəsaitinin üzərində olmamalı, digər mənbələrdən də istifadə edilməsinin işlək mexanizmi hazırlanaraq həyata keçirilməlidir. Müqavilə münasibətləri və digər mütərəqqi üsul və vasitələrlə, sözün əsl mənasında, elmlə məşğul olan şəxslərin öz intellektual qabiliyyətini 500-700 manatlıq maaş çərçivəsindən çıxarıb potensialına uyğun daha yüksək gəlir əldə etməsi üçün əlverişli şərait yaradılmalıdır. Əgər islahatlar yolu ilə elmin iqtisadiyyata inteqrasiyasına nail ola bilsək, həmin sahəyə yönəldilən hər manat digər sahələrdəkindən daha çox gəlir gətirəcək.”

Ötən əsrin 50-60-cı illərində ABŞ iqtisadçılarının tədqiqatlarında insan kapitalı nəzəriyyəsi önə çıxdı. İşçi qüvvəsinin formalaşdırılması problemləri, insanın yaradıcılıq və faydalılıq imkanlarının artırılması bu nəzəriyyənin əsas hədəfləri kimi müəyyənləşdirilmişdi. Həmin dövrdən etibarən elm və təhsilə yönəldilən vəsaitlər ictimai-siyasi proseslərin qaçılmaz məsrəfləri kimi deyil, davamlı inkişafın təmin edilməsi üçün mühüm investisiyalar kimi qəbul edilməyə başlandı.

Son onillikdə elmi biliklərin daha sürətli inkişafı müşahidə edilir və bu mənada, XXI əsri haqlı olaraq “bilik iqtisadiyyatı” əsri adlandırırlar. Bu gün dünyanın inkişaf etmiş ölkələri yeni iqtisadiyyat - "biliklərə əsaslanan iqtisadiyyat" qururlar və burada başqa göstəricilər, yəni elmi, innovasiyaları, intellektual mülkiyyəti və mədəniyyəti xarakterizə edən indekslər əsas götürülür.

Hazırda inkişaf etmiş ölkələrdə milli sərvətin 60-80 faizini insan kapitalının təşkil etməsi də elmin inkişafının, başqa sözlə, bilik iqtisadiyyatının təzahürüdür. Amerika iqtisadçısı və sosioloqu, Harvard universitetinin professoru D.Bell haqlı olaraq gələcəkdə əhalinin (xalqların) yüksək sosial təbəqəyə aid olan və aid olmayan hissələrə bölünməsini onların maddi vəziyyətlərinə görə deyil, intellektual potensialı – yeni bilik daşıyıcıları “knowledge stratum” ilə müəyyən olunacağını qeyd edir. Təcrübə göstərir ki, cəmiyyətdə baş verən hər bir tərəqqi əsasən iki mərhələdən: birincisi, elmin inkişafı və elmi nəticələrin istehsala tətbiqindən; ikincisi, insana kapital qoyuluşunun səmərəliliyindən ibarətdir.

Müasir dövrdə təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıca məqsəd bu sərvətləri cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etmək olmalıdır. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox, təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Dünya Bankının apardığı tədqiqatın nəticələrinə əsasən, ABŞ-nin milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində isə insan kapitalı 74 faiz, istehsal 24 faiz, təbii resurslar yalnız 2 faiz təşkil edir.

Bizdə alimin məvacibi utancverici dərəcədə aşağıdır; zavallılar heç dinmirlər, amma işdi, dinəndə də deyirlər ki, neynəmisən, ortaya nə qoymusan? Eyni sualı daha böyük müvəffəqiyyətlə bir neçə min manat maaş alan məmura, deputata, məhkəmə-prokurorluq kontingentinə və s. ünvanlamaq mümkündür.

XX əsrin böyük iqtisadçısı və siyasi mütəfəkkiri Fridrix Avqust fon Xayek “Köləliyə apa-ran yol” kitabında yazır ki, özlərini yedirə biləcəyinə əmin olmayan insanlarda müstəqil ağla və güclü xarakterə nadir hallarda rast gəlmək olur. Müəllifin bu fikri praktik həyatda təsdiqini tapır – yüksək inkişaf və dayanıqlı cəmiyyət yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar əldə edə bilir.


Sədrliyi dövründə respublika elmi ictimaiyyəti arasında son dərəcə prinsipial, obyektiv, elmcanlı, islahatçı və şəffaf rəhbər imici qazanmış prof. F.Mustafayevin toxunduğu və şərhini verdiyi vacib problemlərin fəlsəfəsi göstərdi ki, məmləkətdə təhsil və elmin taleyinin ciddi narahatlıq doğurduğu bir dövrdə akademik elmin, habelə elmin keyfiyyət və ləyaqətinin keşiyində duran, bu bəşəri zəka nemətinə obyektiv və prinsipal mövqe sərgiləyən, elm təsərrüfatı üçün kadrlar hazırlayan və həmin kadrlara akademik tədqiqatçı vərdişləri aşılamalı olan müvafiq icra orqanından fərqli olaraq Ali Attestasiya Komissiyası məhz Prezident yanında bir qurum olduğuna görə ali məsuliyyətini dərk edir, elmi camiənin saflığı, elmi tədqiqat məhsullarının və elmi kadr hazırlığının keyfiyyət boyartımı istiqamətində ortaya elmi şücaət nümunəsi qoyur.

Qeyd etməliyik ki, müsahibə elmi məclislərdə, həm də elmətrafı kuluarlarda səslənən bir çox mübahisəli məqamlara aydınlıq gətirdi, bəzi elmşüvənlərin və psevdoelmşünas münəccimlərin vaxt-bivaxt səsləndirdikləri təmənnalı narrativlərə nöqtə qoydu. Mükəmməl elmi işin yalnız keyfiyyətli təhsil və yorulmaz tədqiqatın üzvi vəhdəti və nəticəsi kimi ortaya çıxa biləcəyini vurğulayan prof. F.Mustafayev həmin prosesin fəlsəfəsini belə ifadə edir: “... elmi fəaliyyətin keyfiyyəti yalnız Attestasiya mərhələsində deyil, bütövlükdə elmi kadr hazırlığı prosesində formalaşır. Alim olmaq istəyən şəxslərin tədqiqat vərdişləri və elmi düşüncə tərzi bakalavriat və magistratura səviyyələrindən başlayaraq sistemli şəkildə inkişaf etdirilməlidir. Əgər ali təhsilin ilkin mərhələlərində tələbələrdə tədqiqat bacarıqları, elmi üslubda yazı vərdişləri və elmə maraq aşılanmazsa, daha sonra təqdim olunan dissertasiya işlərində keyfiyyətin təmin edilməsi olduqca çətinləşir. Yəni, problemin tam həlli üçün ali təhsilin bütün səviyyələrində elmi mədəniyyətin formalaşdırılması və tədqiqatyönümlü yanaşmanın gücləndirilməsi həlledici rol oynayır”.

Bir sıra elm və təhsil müəssisələrində elmi işlərin müzakirə, seminar və müdafiə mərhələlərinin az qala “xınayaxdı” səviyyəsində keçməsi, tənqidi fikir əvəzinə tostların səslənməsi, opponentlərin rəy yazmalı olduqları işlərdən bixəbərliyi (bəzən rəyləri də iddiaçının özü yazır - !), bütövlükdə bu vacib məsələyə barmaqarası münasibət artıq istisna deyil, konkret fəaliyyət üslubuna çevrilmiş zərərli təcrübədir və yuxarıda söylədiklərimizin də məntiqi mabədidir. Təsəvvür edin ki, bütün bu mərhələləri “ura”yla adlayan iddiaçının AAK-ın müvafiq ekspert şurasında işi ilə bağlı verilən suallar qarşısında boynu sual işarəsinə çevriləndə təəccüblənir – necə olur ki, bir elə mərhələni keçdim, amma gəlib burada “ilişdim”?! Səbəbi öz savadsızlığında və ona tərif deyənlərin əslində pislik etdiklərində görməyən iddiaçı “günah keçisi” axtarmağa başlayır.

Bu məsələyə də müsahibədə münasibət bildirilir: “Bəzən iddiaçılar dissertasiya şuralarından keçmiş işlərinə Komissiya səviyyəsində irad bildirilməsini qeyri-obyektivlik kimi qiymətləndirirlər. Əslində bu yanaşma sistemin keyfiyyət filtri kimi son mərhələdə Komissiyanın məsuliyyətli və ciddi şəkildə işləməsinin göstəricisidir”.

Ümumiyyətlə, alim olmağa hazırlaşanların və bu işdə onlara rəhbərlik edənlərin, opponent kimi rəy verənlərin, elmi işlərin müzakirə, seminar və müdafiəsini keçirənlərin AAK sədri prof. F.Mustafayevin müsahibəsini sətirbəsətir oxuması və əməl etməsi məsləhətdir (linki əlavə edirik - https://aak.gov.az/news/220)

İndi isə daha əyani və əlçatan olsun deyə 2023-cü ilə aid bəzi rəqəmləri diqqətinizə təqdim etmək istərdik: 2023-cü ildə 22 elmi ixtisas üzrə 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Siyahıya 156 nəfərlə filologiya elmləri başçılıq edir. Sonrakı yerləri texnika elmləri (61), iqtisad elmləri (44), tibb elmləri (43), biologiya elmləri (37) və digərləri bölüşürlər.

Eyni ildə 19 elmi ixtisas üzrə 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilmişdir ki, birincilik “çələngi” yenə də 32 nəfərlə filologiya elmlərinə aiddir. İkinci yerdə kəskin fərqlə tibb elmləri gəlir – 11 nəfər, tarix üzrə 9 nəfər, texnika və iqtisad elmləri üzrə isə müvafiq olaraq 7 nəfər diplom almışlar.

Nəzərdən keçirilən dövrdə 14 elmi ixtisas üzrə 34 nəfərin xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin tanınması barədə qərar qəbul edilmişdir.

Növbəti diqqətəlayiq statistika 2023-cü ildə alimlik adı almış kişi və qadınların nisbətidir. Filologiya elmləri bir qayda olaraq irəlidədir – 13 kişiyə qarşı 143 qadın; biologiya elmləri – 2 kişi və 35 qadın; aqrar elmlər – 3 kişi, 7 qadın; texnika elmləri – 29 kişi, 32 qadın; siyasi elmlər – 2 kişi və 8 qadın; fizika elmləri – 2 kişi, 10 qadın və s. Beləliklə, 21 elm sahəsinin 13-ü üzrə qadınlar mütləq liderliy qoruyub saxlayırlar. Coğrafiya və tarix elmlərində say bərabərliyi qorunub. Göründüyü kimi, elmdə gender bərabərliyi ciddi say fərqi ilə qadınların xeyrinə “pozulmaqdadır”.

Daha bir maraqlı statistika – 2020-2023-cü illərdə (30 iyunadək) 1117 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş, 545 nəfər iddiaçıya imtina edilmişdir. Analoji dövrdə 204 nəfərə elmlər doktoru elmi ünvanı verilmiş, 61 nəfərə imtina edilmişdir. Hər iki elmi dərəcə üzrə müdafiə edənlər arasında filoloqlar yenə birinci yerdədirlər – 206 və 45 nəfər.

Fəlsəfə doktorluğu üzrə imtina filologiya elmlərində 206-ya qarşı 75; iqtisad elmlərində 147-ə qarşı 97; tibb elmlərində 11-ə qarşı 37; texnika elmlərində 88-ə qarşı 38; fəlsəfədə 18-ə qarşı 19; siyasi elmlərdə 27-ə qarşı 14; biologiyada 72-ə qarşı 33 nəfər və s.

Təqdim etdiyimiz bu kiçik statistika belə Azərbaycan elminin keyfiyyətinin, səviyyəsinin, ləyaqətinin, nəhayət vicdanının keşiyində dayanan Attestasiya Komissiyasının fəaliyyətinin dəqiq barometridir.

Bəli, biz elmdən bəhs edirik və bu gün elm sənayesi “klaster”ində AAK strateji pillədir. Və əgər nəzərə alsaq ki, müasir inkişafın trendi və elə lokomotivi də elm tutumlu iqtisadiyyatdır, bilik iqtisadiyyatıdır, onda bu qurumun bütövlükdə Azərbaycanın perspektiv inkişafının yol xəritəsindəki əhəmiyyətini təsəvvür etmək çətin deyildir.

Biz bəşəriyyətin sürətlə “insansızlaşdırılmış” dünya modelinə doğru getdiyinin məsuliyyətini dərk etməli və onun obyektiv gerçəklərini əks etdirən koqnitiv biliklərdən praktikada istifadə etmək üçün elmə münasibətdə məsuliyyətin, ciddiyyətin, tələbkarlığın artırılmasının vacibliyini anlamalıyıq. Ali Attestasiya Komissiyası həmin prosesdə avanqard rola iddia etdiyi üçün məsuliyyətin böyük bir payı da onun üzərinə düşüb.

Hər bir ölkənin sərhədləri var – hava, quru, su. Azərbaycan coğrafiyasının bəxtinə hər üçü düşüb. Və bu sərhədlərin qorunması artıq milli təhlükəsizlik məsələsidir. Hesab edirik ki, elm də hər bir xalq, millət, ölkə, dövlət, vətəndaş üçün strateji məsələdir, onun qorunması da birbaşa təhlükəsizliyimizlə və inkişafımızla bağlıdır. 

* * *

Elmlə bağlı belə bir baxış da mövcuddur – elm o vaxtadək faydalı sayılır ki, müəyyən dairələrin maraqlarına xidmət edir.

Böyük ingilis filosofu və siyasi mütəfəkkiri, müasir siyasi fəlsəfənin banilərindən biri sayılan Tomas Hobbs hüquq və dövlət haqqında təlimi həndəsə kimi dəqiq elmlə müqayısə edirdi: - Həndəsə bütün elmlərin anasıdır! – deyirdi. Hobbsa görə, riyazi metod subyektiv qiymətləndirmədən azaddır. Hüquq və ədalət haqqında təlim isə daima həm qələm, həm də qılıncla müdafiə olunmuşdur: “Bununla belə, xətlər və fiqurlar haqqında təlim mübahisə mövzusu deyil. Çünki insanların, xüsusilə də varlı zümrənin mənafelərinə toxunmur. Əgər Pifaqor teoremi varlı təbəqənin mənafelərinə qarşı yönəlmiş olsa idi, həndəsəyə aid bütün kitablar yandırılardı”.

Bəli, elm, irfan, bilik, savad, ağıl ... zəif hakimiyyətlər, bacarıqsız iqtidarlar, tənbəl və müftəxor idarəçilər, bir sözlə, inkişaf perspektivi kifayət qədər dumanlı görünən cəmiyyətlər üçün kifayət qədər yad və qorxulu mətah sayılıb. Çalışaq ki, həmin fel günümüzdə aktuallığını qoruyub saxlaya bilməsin.

Xatırlatmaq istədiyimiz bu hikmətdir!

Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya...

Bu gün tək elmin deyil, ölkənin taleyinin məsuliyyətini bölüşən, gələcək nəsillərin aqibəti üçün narahatlıq keçirən, millətin tək əqli-intellektual deyil, həm də mənəvi boyartımı ilə qayğılanan, ciddi əndişələrini bölüşən adamlar – alimlər, müəlimlər, ziyalılar, millət sevdalıları və vətəndaşlar bir kərə də olsa bu sualı özlərinə veriblərmi:

- Azərbaycan elmi hara gedir?

- Dəqiq hədəfləri varmı?

- Nəyə nail olmaq istəyir, yaxud istədiklərindən hansına isə müvəffəq olubmu?

Gəlin, birlikdə cavab axtaraq.


Oxunub: 496
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:49 | İşə Rəhimov qarışdı: Bütün imkanlarımdan və nüfuzumdan istifadə edəcəyəm
    Bu gün, 10:01 | Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
    Bu gün, 09:49 | Bu gün Milli Sevgililər Günüdür
    Bu gün, 09:45 | YEKATERİNBURQ DƏHŞƏTİ: Şovinizm, milli ayrı-seçkilik Rusiyanın dövlət siyasətinə çevrilir
    Bu gün, 09:41 | "Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir" – Aqil Rüstəmzadə
    Bu gün, 09:38 | Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
    Bu gün, 09:34 | Ağdamda mina partlaması nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya edilib
    Bu gün, 09:25 | Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında
    Bu gün, 09:24 | Sabahdan Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir
    Dünən, 23:37 | “Rusiyada miqrantlara qarşı qəddarlığın səbəbi Ukraynadakı uğursuzluqlarıdır” - Xaləddin İbrahimli
    Dünən, 23:19 | Aqrar xərclər durmadan artır: Bu vəziyyət fermerlərə necə təsir edir?
    Dünən, 23:12 | Komitə: "Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
    Dünən, 22:21 | KASIBLIQ İNSANI AXMAQLAŞDIRIR: Yekaterinburq qətliamı sonrası düşüncələr
    Dünən, 22:07 | “OMON ÖZBAŞINALIĞI”, YOXSA SİYASİ SİFARİŞ? – Rusiyadakı azərbaycanlılar növbəti təxribatlarla üzləşə bilər
    Dünən, 21:33 | Deputat: Miqrantlara qarşı amansız münasibət, islamofobiya Rusiyanın dövlət siyasəti səviyyəsinə qalxıb
    Dünən, 18:34 | Kremlin Azərbaycana “təşəkkürü” – Yekaterinburq SİNDROMU
    Dünən, 18:28 | Xamenei və onun Azərbaycanla müharibəsi
    Dünən, 18:21 | Pirşağıda güclü yanğın başladı
    Dünən, 18:19 | “Kəpəz”də iki yeni müqavilə
    Dünən, 18:00 | Azərbaycan parlamentinin nümayəndə heyəti o iclasda iştirak etməyəcək - Rusiyaya səfər ləğv edildi
    Dünən, 17:54 | Yekaterinburqda barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlıların sayı altıya çatıb YENİLƏNİB-9
    Dünən, 17:50 | Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
    Dünən, 17:37 | Rusiyada təhsil almaq istəyənlər üçün şans
    Dünən, 12:50 | İlham Rəhimovdan Yekaterinburq hadisəsinə REAKSİYA
    Dünən, 12:42 | Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi
    Dünən, 12:33 | Cahangir Hacıyevin xaricdəki milyonları: İngilis yeyə bilər, Qarabağın dirçəlişinə sərf oluna bilməz?
    Dünən, 12:32 | FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
    Dünən, 12:25 | “BİZƏ İSMARIC VERİRLƏR Kİ, AZƏRBAYCANLILARI QOVA BİLƏRİK” – “DTX və ya Baş Prokurorluq cinayət işi başlamalıdır”
    Dünən, 12:16 | Masallıda 29 yaşlı şəxs qayınanasını qətlə yetirib, 3 nəfəri yaralayıb - YENİLƏNDİ
    Dünən, 12:12 | Çində uğur əldə edən Tağı Məmmədov: "Burada çox şey qazanmaq mümkündür"
    Dünən, 12:00 | Yekaterinburqda Rusiyanın həyata keçirdiyi zorakılıq: Putinin imperial hədəfləri
    Dünən, 11:56 | Səlim Babullaoğlu: "Rusiya mediası yalan məlumat yayır" - VİDEO
    Dünən, 11:51 | Klublararası dünya çempionatı: "Çelsi" "Benfika"nı darmadağın etdi
    Dünən, 11:46 | "Üçüncü Roma"nın növbəti "Bizans oyunları"
    Dünən, 11:31 | Rasim Musabəyov: "Rusiya təhlükəsizlik qüvvələrinin bu çox iyrənc davranışı qəbuledilməzdir"
    28-06-2025, 22:27 | Yunan-Roma güləşi üzrə millimiz İtaliyada Avropa çempionu oldu
    28-06-2025, 22:25 | Rusiya İstintaq Komitəsinin rəhbəri azərbaycanlılarla bağlı iş üzrə hesabat tələb edib
    28-06-2025, 22:18 | Öldür, böhtan at, gizlət - Rusiya mediası Yekaterinburq olayını saxta ssenari ilə "yuyur"
    28-06-2025, 21:54 | Şahin Şıxlinski bizi onların əlindən aldı, Yoxsa...
    28-06-2025, 21:48 | Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı
    28-06-2025, 17:26 | Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?
    28-06-2025, 17:23 | Bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq
    28-06-2025, 17:21 | Yekaterinburqda saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq, 5 nəfərin ölməsi xəbəri təsdiqlənmir
    28-06-2025, 15:48 | Rəsmi Bakı Rusiyadan azərbaycanlıların Yekaterinburqda qətlinin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib - BƏYANAT
    28-06-2025, 15:45 | Xanım həkim videoları ilə şantaj edildi – Şantaj edəni görmək üçün həbsxanaya gedibmiş...
    28-06-2025, 15:39 | OMON-çuların öldürdüyü qardaşlar iş adamı olublar
    28-06-2025, 15:30 | Yekaterinburqda 5 azərbaycanlının öldürülməsi yalandır?
    28-06-2025, 10:46 | Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğradı: ölən var
    28-06-2025, 10:41 | İrəvan məhkəməsi arxiyepiskop Acapaxyanı həbs etdi
    28-06-2025, 10:38 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.