Cəlilabadda yeni tikilən beş məktəb binası istifadəyə verilib - FOTO
Cəlilabad rayonunda Bilik Günü yeni məktəb açılışları ilə qeyd edilib. Rayonda beş məktəb binası istifadəyə verilib. Mediaxeberleri.Az-ın Muğan bürosunun məlumatına görə, açılışı olan təhsil müəssisələrindən biri Moranlı kənd ümumi orta məktəbidir. Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, RİH-in məsul şəxsləri, məktəblilər, məktəbin pedaqoji kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. RİH başçısı R.Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir: “Bu sahədə həyata keçirilən islahatlar, baş verən hər bir hadisə, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Bu istiqamətdə Cəlilabadda da təhsilin inkişafı sahəsində layihələr icra olunur, dövlət proqramları həyata keçirilir, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələri tikilir və təmir olunur. Bu il də Elm və Təhsil Nazirliyi tərəfindən inşa edilmiş 96 şagird yerlik Əsədli kənd tam orta, 96 şagird yerlik Sarxanlı kənd ümumi orta, 96 şagird yerlik Moranlı kənd ümumi orta, 80 şagird yerlik Həsənli kənd ümumi orta və 80 şagird yerlik Vənlik kənd ümumi orta məktəbin modul tipli binaları istifadəyə verilir. İnanırıq ki, bu məktəblərdə dərs deyən müəllimlər və valideynlər də görülən işlərə öz töhfələrini verərək daha savadlı və vətənpərvər gənclər yetişdirəcəklər”. Açılış mərasimində çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi, şagirdləri və valideynləri təbrik edib, yeni məktəbdə daha savadlı uşaqların hazırlanması yolunda kollektivə uğurlar arzulayıb. Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonra iştirakçılar məktəb binasına baxış keçirib, yaradılan şəraitlə tanış olublar.