Orduya aparmağa əsgər tapılmır: Əcnəbiləri qəbul edəcəklər
Almaniyada silahlı qüvvələrdəki kadr çatışmazlığını aradan qaldırmaq üçün alman pasportu olmayanların hərbi xidmətə çağırılacağı müzakirə olunur. Mediaxeberleri.AZ xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius “Tagesspiegel” qəzetinə verdiyi açıqlamada Almaniya ordusuna əcnəbilərin cəlb edilməsi təklifinin ekspertlər tərəfindən gündəmə gətirildiyini bildirib: "Avropada bunu edən ilk silahlı qüvvələr deyilik. Ölkədə Almaniya vətəndaşlığı olmayan ikinci və üçüncü nəsil (immiqrant) insanlar yaşayır”. Ana müxalifətdə olan Xristian Demokrat İttifaqı (CDU) partiyası və onun hökumət tərəfdaşı Azad Demokratik Partiyası (FDP) əcnəbilərin orduya cəlb oluna bilməsi təklifinə müsbət yanaşır. CDU-nun millət vəkili Johann Wadephul verdiyi açıqlamada silahlı qüvvələrin Almaniya vətəndaşı olmayan namizədlərin orduya qəbulunu prinsipcə doğru gördüyünü deyib. Qeyd edək ki, Almaniyanın təxminən 181 min əsgəri var. Bu rəqəmin 2031-ci ilə qədər 203 minə çatdırılması hədəflənir. Məcburi hərbi xidmətin ləğv edildiyi Almaniyada əhalinin qocalması və ixtisaslı işçi qüvvəsinin olmaması səbəbindən orduda xidmət edəcək kadr tapmaqda çətinlik yaşanır. 2031-ci il üçün hədəf sayına çatmayacağı bildirilir. Pistorius bəyan edib ki, Almaniya müdafiə xərclərini artırmalı, silahlı qüvvələr modernləşdirilməli və yeni təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək qabiliyyətinə malik olmalıdır.