Deputat: “Kartına gündə beş dəfə pul daxil olan hər kəsi şübhəli kimi qiymətləndirmək olmaz”
Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında səsləndirdiyi “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil” fikri müzakirə yaradıb. Bildirilir ki, xeyli sayda sosial vəziyyəti aşağı olan şəxslərə bank kartı ilə ianə edənlər var. Kartlara bu yöndə limit qoyulması etirazla qarşılanıb. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, Mərkəzi Bank sədrinin qaldırdığı məsələnin mahiyyətini başa düşür və maliyyə əməliyyatlarının şəffaf olması, vergidən yayınmanın, qanunsuz pul dövriyyəsinin qarşısının alınması vacibdir. Lakin deputat bildirib ki, bu məsələdə vətəndaşların gündəlik həyatının reallıqlarını da nəzərə almaq lazımdır: “İlk növbədə, düşünmürəm ki, Mərkəzi Bankın sədri Taleh Kazımov vətəndaşların hüquqlarını məhdudlaşdırmaq və onların öz vəsaitlərindən sərbəst istifadəsinə maneə olmaq niyyətindədir. Burada əsas məqsəd maliyyə sistemində şəffaflığı artırmaq, şübhəli əməliyyatları müəyyənləşdirmək və qanunsuz pul dövriyyəsinin qarşısını almaqdır. Bununla belə, bu yanaşmanın tətbiqi zamanı vətəndaşların haqlı narahatlıqları da diqqətdə saxlanılmalıdır. İnanıram ki, səsləndirilən fikirlər və ictimai müzakirələr nəzərə alınaraq, vətəndaşları narahat edən məsələlərlə bağlı daha aydın, sadə və əlçatan prosedurlar müəyyən ediləcək. Kartına gündə beş dəfə pul daxil olan hər bir şəxsi şübhəli əməliyyat aparan insan kimi qiymətləndirmək olmaz. Bu gün Azərbaycanda müalicə, çətin vəziyyətdə olan ailələrə yardım məqsədilə, şəhid və qazi ailələrinə dəstək üçün, hətta təbii fəlakətlər zamanı vətəndaşlar arasında könüllü ianələr toplanır. Bəzən bir insanın kartına gün ərzində onlarla şəxs kiçik məbləğlər göndərir. Bu, sahibkarlıq fəaliyyəti deyil, həmrəylik və humanizm nümunəsidir. Digər tərəfdən, vətəndaşlar arasında borc münasibətləri, ailə üzvlərinin bir-birinə maddi dəstəyi, müxtəlif gündəlik hesablaşmalar da mövcuddur. Bunların hamısına eyni yanaşmaq doğru olmaz. Burada əsas meyar əməliyyatların sayı deyil, pulun mənbəyi və təyinatı, həmçinin həmin əməliyyatların iqtisadi mahiyyəti olmalıdır. Konkret şəxsin kartından vergidən yayınmaq, qanunsuz mərc oyunları və ya digər qeyri-qanuni fəaliyyətlər üçün istifadə edilirsə, buna qarşı müvafiq tədbirlər görülməsini dəstəkləyirəm. Amma şəffaflıq yaratmaq istəyərkən qanuni fəaliyyət göstərən vətəndaşların gündəlik həyatını çətinləşdirmək olmaz. Bankların əlavə yoxlama aparması başadüşüləndir, lakin bu proses insanları əsassız izahat verməyə, öz pullarından istifadə etmək üçün uzun prosedurlardan keçməyə məcbur etməməlidir. Məncə, banklar vətəndaşların müraciətlərinə operativ baxmalı, xeyriyyəçilik, sosial yardım və digər qanuni köçürmələr üçün sadələşdirilmiş mexanizm yaratmalıdırlar. Xüsusilə, ianə kampaniyaları zamanı vəsaitin kim tərəfindən və hansı məqsədlə toplandığı aydın olduqda, bu əməliyyatlara maneə yaranmamalıdır. Bir məsələni də unutmayaq ki, nağdsız iqtisadiyyata keçidi təşviq etdiyimiz halda, vətəndaşda bank kartından istifadə ilə bağlı narahatlıq yaratmaq düzgün yanaşma deyil. Məqsəd insanları nağd pula qaytarmaq yox, maliyyə sisteminə etimadı gücləndirmək olmalıdır”. Deputat qeyd edib ki, dövlətin maliyyə şəffaflığı marağı ilə vətəndaşın öz pulundan sərbəst və qanuni istifadə etmək hüququ arasında düzgün tarazlıq qorunmalıdır: “Əminəm ki, bu məsələdə həm maliyyə təhlükəsizliyini təmin edən, həm də vətəndaşların gündəlik həyatını çətinləşdirməyən optimal mexanizm tapmaq mümkündür”.





















