Deputat: “Bizə Türkiyə ilə əlaqələri azaltmaq göstərişi verilməyib”
Azərbaycan-Türkiyə arasında son dövrlərdə yaşanılan siyasi gərginlik fonunda bəzi iddialar ortaya atılıb. Belə ki, Milli Məclisin deputatlarına Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etməyin qadağan edildiyi, Türkiyə rəsmiləri ilə əlaqələrin azaldılması ilə barədə göstəriş verildiyi iddia olunur. Mediaxeberleri.Az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, belə göstəriş verilməyib. Deputat qeyd edib ki, yayılan informasiyalar yanlışdır: “Bu fikirləri səsləndirən mənbələr kimlərdisə əsaslandırmalıdırlar, əllərində dəqiq məlumat olmalıdır. Milli Məclisin adından istifadə edib belə düzgün olmayan informasiyalar yaymaq olmaz. Dünən Milli Məclisin Türkiyə dostluq qrupunun üzvləri və əlavə də bir neçə komitə sədrləri ilə birlikdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi ziyarət olundu. Bəs onda bu nə deməkdir? Belə bir məlumat, tapşırıq yoxdur. Hesab edirəm ki, Milli Məclisin mətbuatla əlaqələr şöbəsi, müvafiq qurumları yəqin, sosial mediada dezinformasiya yayan səhifələrə rəsmi cavablar verəcəklər”. Şəhanə Qədirli





















