Fazil Mustafa Prezident İlham Əliyevin Türkiyəyə getməməsindən danışdı: “Ərdoğan da Şuşadakı tədbirə naziri göndərmişdi”
“Azərbaycan 29 oktyabrda Cümhuriyyət bayramı münasibətilə Türkiyəyə çox yüksək qardaşlıq ruhu ilə təbrik göndərdi. Təbrik mətnində Şuşa Bəyannaməsinə istinad edildi. Prezidentin Türkiyə ilə qardaşlıq münasibətinin qardaşlıq münasibəti olduğu həmin sənəddə də konkret qeyd olunur. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə gedib-getməməsi məsələsinə gəlincə, xatırlayırsınızsa, Şuşada keçirilən tədbirə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər nazirini göndərmişdi. Pakistanın da Prezidenti, yaxud xarici işlər naziri gələ bilər. Prezident İlham Əliyevin Ankaraya getməməsi bununla əsaslandırılır ki, ilk dəfə Azərbaycanda futbol üzrə dünya çempionatı keçirilir. Mükafatlandırma mərasimində ölkə Prezidentinin iştirakı onun birbaşa Azərbaycanın gələcəkdə iyirmi yaşlılar arasında dünya çempionatının keçirilməsi üçün də vacib addımdır. Beynəlxalq əhəmiyyətli tədbirlə üst-üstə düşdüyünə görə seçimin bunun üzərində olduğu nəzərdə tutuldu”. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fazil Mustafa deyib. Deputat bildirib ki, dövlətin təmsil olunmasından söhbət gedirsə, xarici işlər naziri Ceyhun Bayramov Ankarada Zirvə Görüşündə Azərbaycanı ən yüksək səviyyədə təmsil edir: “Bundan o tərəfə hansı münasibət göstərilməlidir ki, kimsə tərəfindən qardaşlığımıza kölgə salınmasın? Türkiyə və Azərbaycan qardaşdır, strateji müttəfiqdir. Bu əlaqələr davam edir. Hansısa epizod, yaxud Azərbaycan, Türkiyə mühitində uyğunsuz çıxışlar bu dostluğa xələl gətirə bilməz. Dostluğumuz, qardaşlığımız davam edəcək”. Aytəkin Qardaşova





















