Ağstafada sudan səmərəli və qənaətlə istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 9 Saylı Qazax-Tovuz Regional Bölməsinin dəstəyi ilə “Sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi” mövzusunda maarifləndirici aksiya tədbir. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın Tədbirlər Planının 9.3.1.4-cü yarımbəndinin icrası çərçivəsində təşkil olunub. Tədbirdə su ehtiyatlarının qorunması, içməli su ilə təminatın yaxşılaşdırılması, tullantı və lay sularının idarə olunması, eləcə də su mənbələrinin çirklənmədən mühafizəsi istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkədə içməli su təchizatının gücləndirilməsi məqsədilə yeni boru kəmərlərinin çəkilməsi və təmizləyici qurğuların qurulması, kanalizasiya şəbəkələrinin genişləndirilməsi və yenilənməsi, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Çıxışlarda su ehtiyatlarının qorunmasında hər bir istehlakçının məsuliyyətinin vacibliyi vurğulanıb. Məişətdə və təsərrüfatlarda su itkilərinin azaldılması, sudan qənaətlə istifadə edilməsi və su istifadə mədəniyyətinin yüksəldilməsi su ehtiyatlarının azalmasının qarşısının alınmasına töhfə verən əsas addımlar kimi qeyd olunub. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.





















