Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Tiflisdəki büstünü zədələməkdə ittiham edilən Ermənistan vətəndaşı İ.A. 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə onun vəkili Teona Peradze deyib. Peradze bildirib ki, kişi Gürcüstana sentyabrın 20-də daxil olub. İstintaqa görə, sentyabrın 21-nə keçən gecə o, Tiflisdəki parklardan birində Heydər Əliyevin abidəsinə zərər vurub. Bundan sonra ölkəni tərk etməyə çalışıb, lakin sərhəddə saxlanılıb. “Ona qarşı ittiham irəli sürülüb və barəsində 55 günlük ilkin həbs qətimkan tədbiri seçilib. Biz noyabr ayına təyin olunmuş məhkəmə prosesini gözləyirik", - vəkil qeyd edib. O, əmlaka ziyan vurmaqda məsuliyyət nəzərdə tutan maddə (Cinayət Məcəlləsinin 187-ci maddəsi) ilə ittiham olunub. Əgər məhkəmə İ.A.-nın günahını sübut edərsə, onu beş ilə qədər həbs cəzası gözləyir. Peradze qeyd edib ki, müdafiə tərəfi qətimkan tədbirinin tətbiq edilməməsini xahiş etmişdi və alternativ olaraq 5000 lari (təxminən 1900 dollar) girov qoyulmasını, yekun qərar verilənə qədər pasportunun müsadirə edilməsini və Gürcüstanı tərk etməsinin qadağan edilməsini təklif etmişdi. Lakin tələb təmin edilməyib. Peradzenin sözlərinə görə, iş materiallarında təhlükəsizlik kameralarından götürülmüş video yazılar var. Vəkil təsdiqləyib ki, videoda bir kişinin abidənin üstünə dırmaşıb ona zərər verdiyi görünür. Vəkil bildirib ki, İ.A-nın Gürcüstanda heç kimi yoxdur.





















