Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
Ağstafa Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər arasında "Azərbaycanın şəhərsalma və memarlıq irsi, Azərbaycan xalqının umumimilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbi və şəhərsalma sahəsində görülmüş işlər" mövzusunda intellektual yarış keçirilib. Yarışın keçirilməsində əsas məqsəd müəllimlərin intellektual potensialının və dünyagörüşünün inkişaf etdirilməsi, onların şəhərsalma və memarlıq sahəsində biliklərinin artırılması, Azərbaycanın zəngin tarixi-mədəni irsinin, memarlıq nümunələrinin və tarixi abidələrinin tanıdılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsidir. Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbində keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Üç mərhələdən ibarət yarışda komandalara “Şəhərsalma və Memarlıq İli”, mədəni irsin daşıyıcıları olan tarixi abidələr, onların qorunması və təbliği mövzularını əhatə edən suallar təqdim olunub. Münsiflər heyətinin yekun rəyinə əsasən I yerə Şuşa komandası- H.Əlizadə adına Köçəskər kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi, II yerə Tağlar komandası- R.Alıcanov adına Köçvəlili kənd tam orta ümumtəhsil məktəbi, III yerə Dəmir Yumruq komandası-A.Mustafayev adına Həsənsu kənd tam orta ümumtəhsil məktəbi layiq görülmüşdür.


























