Azərbaycanlılara qarşı soyqırımı və deportasiyada ittiham olunan Vaqif Xaçatryanın məhkəməsi başlayır
Bu gün Qarabağın Meşəli kəndində mülki əhalinin qətlində ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Mediaxeberleri.Az bildirir ki, Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi saat 10:15-də başlayacaq. Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub. Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib. Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Bildirək ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərə qarşı törədilmiş soyqırımı və deportasiyada iştirakda ittimam olunur.