TƏBİB susur, qanun pozulur – Qobustanda “ölü canlar” qalmaqalı-FOTOFAKT

Mediaxeberleri.Az xəbər verir ki, mediatvaz.com-un redaksiyasına daxil olan məlumatlar vəziyyətin daha da ağır olduğunu göstərir. Bildirilir ki, bir neçə gün əvvəl TƏBİB nümayəndələri Qobustan Rayon Mərkəzi Xəstəxanasında yoxlamalar aparıblar. Bu faktın özü artıq həmin tibb müəssisəsində müəyyən problemlərin mövcudluğunu təsdiqləyir. Amma məsələ bununla bitmir.Məlumata görə, xəstəxananın direktoru Günay Muradova işə gəlməyən əməkdaşların yerinə davamiyyət jurnalında imzaların atılmasını tapşırıb. Əgər bu fakt təsdiqini taparsa, bu artıq sadəcə intizam pozuntusu deyil, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya elementləri və vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir.Redaksiyamıza təqdim olunan fotofaktlar isə vəziyyətin nə qədər acınacaqlı olduğunu açıq şəkildə göstərir. “Ölü canlar” – yəni kağız üzərində mövcud olub faktiki olaraq işə gəlməyən, lakin əməkhaqqı alan şəxslərin olması iddiaları ölkənin səhiyyə sistemində ciddi boşluqların olduğunu bir daha üzə çıxarır.Anar Bayramov bu faktlara göz yumacaq, yoxsa dərhal araşdırma başladacaq? Çünki ortada sadəcə intizam pozuntusu deyil, dövlət vəsaitinin mümkün təyinatdan kənar istifadəsi ilə bağlı ciddi şübhələr var. Burada əsas sual yaranır: TƏBİB rəhbərliyi bu baş verənlərdən xəbərdardırmı,aparılan yoxlamalar “Ölü canlar”-ı üzə çıxarıbmı, yoxsa bu cür qanunsuzluqlara bilərəkdən göz yumulur? Əgər yoxlamalar aparılıbsa, niyə nəticələr ictimaiyyətə açıqlanmır? Niyə media sorğuları cavabsız qoyulur?Susqunluq artıq mövqe deyil, məsuliyyətdən yayınmaqdır. TƏBİB nümayəndələri anlamalıdır ki, informasiya gizlədildikcə problemlər yox olmur, əksinə daha da dərinləşir. Qobustan Rayon Mərkəzi Xəstəxanası obyektiv araşdırılmalı və günahkar şəxslər qanun qarşısında cavab verməlidir. Əks halda bu cür halların davam etməsi qaçılmaz olacaq.(Mediatvaz.com)

























