Nərimanov RİH müdaxilə etdi, sakinlərin problemi həll edildi - FOTO
“WhiteStone Tower” şirkəti ilə (Ailə Park QSC) Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yaşayan sakinlər arasında aylardır, davam edən qalmaqal qismən də olsa, həllini tapıb. Mediaxeberleri.Az-ın məlumatına görə bu barədə Pravda.az-a danışan sakinlərdən Birinci Qarabağ müharibəsinin şəhidi Heydər Həmidovun bacısı Xanım Sultanova deyib ki, mətbuatda işıqlandırılandan sonra Nərimanov Rayon İcra Hakimiyyətinin birbaşa müdaxiləsi ilə problemlər qismən həllini tapıb. Onun sözlərinə görə, şirkət tullantı materiallarını artıq öz ərazisinə tökür: “Zibil qalıqları yığışdırılıb, həyət tam asfaltlanıb, səliqəyə salınıb. Qazanxananın da qarşısını açdılar. Maşınlarımız üçün park yerləri ayırdılar. Dediklərinə görə, bizim evlərimizin də sökülməsi, gələcəkdə sakinlər üçün şərait yaradılması ilə bağlı müraciət ediblər. Bütün bunlar Nərimanov Rayon İcra Hakimiyyətinin müdaxiləsindən sonra oldu. Bizə də məktublar göndəriblər. İcra nümayəndəliyi gəlib özü əraziyə baxış keçirdi. Hələ uşaq meydançasını bizə geri verməyiblər, qapını açmayıblar. Gələcək planlarına görə, ərazimiz də həmin əraziyə qatılacaq, onda meydançadan istifadə etmək mümkün olacaq. Tam olmasa da, müəyyən qədər rahatlığımızı təmin ediblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinə məlumat vermişdim, Prezident Administrasiyasına müraciət etmişdim. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətində də qəbullarda olmuşdum. Nəticədə, Nərimanov RİH laqeyd qalmadı, göstəriş verdi, məsələ müəyyən qədər həll edildi”. Qeyd: Bir müddət əvvəl, "Pravda.az"da sakinlərin şikayətləri dərc olunmuşdu. 





















