MN-in sabiq vəzifəli şəxsi necə həbs edildi? - Baş Prokurorluq detalları açıqladı
Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Araşdırmalar zamanı Rasim Əlövsət oğlu Həsənovun sözügedən komissiyanın rəisi vəzifəsində çalışdığı 2021-2025-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib. Bildirilib ki, o, hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunması müqabilində müxtəlif şəxslərdən təkrarən və külli miqdarda rüşvət alıb, həmçinin vəzifə saxtakarlığına yol verib. Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Qeyd olunub ki, analoji qanunsuz əməllərdə iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılıb və hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq davam etdirilir.





















