Yarıçılpaq videolarını paylaşan bloqer cəzalandırıldı
Sosial şəbəkədə əxlaqsızlığı təbliğ edən bloqer məsuliyyətə cəlb edilib. Mediaxeberleri.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Z.Kərimovanın "Instagram" hesabında ictimai mənəviyyata zidd hərəkətlər etdiyi müəyyən olunub. Belə ki, onun "Instagram"da 150 min izləyicisi olan səhifədə videolar çəkərək bədəninin müxtəlif hissələrini nümayiş etdirməklə öz mobil nömrəsini paylaşdığı müəyyənləşib. Qadının hər hansı bədən geyimini təbliğ etmək məqsədi olmayıb. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evində çəkilən, 68 000 istifadəçi tərəfindən bəyənilən və əxlaq normalarına uyğun gəlməyən, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq cəmiyyətə açıqcasına hörmətsizlik ehtiva edən hərəkətlər xırda xuliqanlıq hesab olunub. Faktla bağlı Z.Kərimova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib. Z.Kərimova izahatında bildirib ki, qadın cazibəsini nümayiş etdirmək məqsədilə bu kimi videolar çəkərək paylaşıb. Abşeron Rayon Məhkəməsinin qərarı ilə bloqer 750 manat məbləğində cərimə olunub. Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.





















