Razi Nurullayev: "Kimlərsə Prezidenti kəskin tənqid etməyimi gözləyirsə, bu, olmayacaq, çünki əsasım yoxdur”
Milli Məclisin deputatı Razi Nurullayevin sosial şəbəkə hesabında yazdığı "Biz cəmiyyəti dəyişməliyik. Məmur da dəyişməlidir, vətəndaş da. Yoxsa hər gedən məmuru söyüb, hər gələn məmurdan möcüzə gözləyəcəyik. Möcüzə kreslodan yox, qaydadan doğur" fikirləri tənqid edilib. Deputatın məmurları ümumi olaraq tənqid etməsi, ad çəkməməsi birmənalı qarşılanmayıb. R.Nurullayev Pravda.az-a açıqlamasında səsləndirdiyi fikirləri belə əsaslandırıb: Onun sözlərinə görə, ortada konkret fakt yoxdursa, ittiham da ola bilməz: “Mən ölkədə aparılan siyasəti tənqid edirəm və bu mövqeyim yeni deyil, daim olub və bundan sonra da olacaq, nə qədər çətin olsa belə... Amma kimlərsə məndən Prezident İlham Əliyevi kəskin tənqid etməyimi gözləyirsə, onları məyus etməliyəm, bu, olmayacaq. Çünki buna əsasım yoxdur. Mənim mövqeyim şəxslərə qarşı yox, problemlərə qarşıdır. Tənqid fakt üzərində qurulmalıdır. Fakt yoxdursa, populizmə getmək mənim yolum deyil”. Aytəkin Qardaşova





















