20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
Bakıda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb. “Yeni Sabah” xəbər verir ki, bu çərçivədə Şəhidlər xiyabanında geniş abadlıq, təmizlik və cari təmir işləri görülür, divarlar, səkilər yuyulur, kollar, ağaclar budanır, işıq dirəkləri rənglənir, “Əbədi məşəl” kompleksi hazır vəziyyətə gətirilir. Bunun üçün ərazidə çadırlar qurulub, lazımı avandanlıq və ləvazimatlar gətirilib. İşləri Bakı Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və digər qurumlar həyata keçirir. Növbəti mərhələdə Şəhidlər xiyabanında güllər əkiləcək, xiyabanın girəcəyində qərənfillərdən kompozisiya hazırlanacaq. Hazırlıq işləri yanvarın 19-dək başa çatacaq. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.





















