Generalın oğlunun həbsi ilə bağlı YENİ DETALLAR - Siqaret əməliyyatı
Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubovun həbsi ilə bağlı yeni detallar bəlli olub. Fərid Usubov mediada iddia edildiyi kimi, Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin deyil, Hövsan məntəqəsinin rəisi vəzifəsində çalışıb. Onun vəzifədən kənarlaşdırılmasına səbəb isə 6 ay əvvəl - bu ilin iyununda Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması olub. Qeyri-qanuni yük partiyasının aşkar edilməsindən sonra məsul şəxslərlə bağlı daxili araşdırmalara başlanılıb və DGK sədri, general-leytenant Şahin Bağırov tərəfindən Fərid Usubovun sərəncama götürülməsi barədə əmr imzalanıb. Daha sonra isə o, həbs edilib. Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Tural Muradovdur. O, tanınmış müğənni İlqar Muradovun oğludur. 





















