Düşməyən qızdırma, halsızlıq... Uşaqlar arasında yayılan xəstəlik nədir?
Son zamanlar xüsusilə də uşaqlar arasında yüksək, enməyən hərarət ilə müşayiət edilən xəstəlik yayılıb. Valideynlər dərmanların effekt vermədiyindən və xəstəliyin ağır keçdiyindən narahatdırlar. Bəs uşaqlar arasında hansı xəstəlik yayılıb? Mövzu ilə bağlı Mediaxeberleri.Az-a açıqlama verən pediatr Səidə Şaxtaxtinskayanın sözlərinə görə, yayılan xəstəliklərin böyük əksəriyyəti virus mənşəlidir: “Bu hallar, adətən, respirator virus infeksiyaları fonunda baş verir. Bəzən spesifik virus, laborator təsdiq olmadan dəqiq adlandırılmaya bilir. Məsələn, adenovirus, enterovirus, qrip və s”. Pediatr ağır keçən bu xəstəliyin anidən başladığını və adətən, bir həftə davam etdiyini bildirib: “Yüksək hərarət, halsızlıq, boğaz ağrısı, burun axıntısı, öskürək, bəzən də bədəndə səpkilər yaranır. Mədə-bağırsaq pozuntuları ilə də özünü göstərə bilir. İshal, qusma, ürəkbulanma kimi hallar yarana bilər. Hərarət nəzarətdə saxlanılmalı, bol maye qəbul edilməli və uşağın ümumi vəziyyəti yaxından izlənilməlidir. Sağalma müddəti adətən 5-7 gün arasında olur. Antibiotiki yanlız bakterial infeksiya qoşulduğu təqdirdə vermək olar. Bakterial infeksiyanın olub-olmamasını isə pediatr müayinəsindən sonra müəyyənləşdirmək mümkündür. Virus mənşəli xəstəliklərdə isə antibiotikin istifadə olunması qətiyyən tövsiyə edilmir. Bu tip hallar ən çox kəskin virus infeksiyası, qripəbənzər sindrom və ya enterovirus infeksiyası kimi adlandırılır. Dəqiq diaqnoz isə klinik müayinə və lazım gəldikdə laborator analizləri əsasında qoyula bilər”.





















