Günəşlidə obyekt piyada səkisinin üzərində inşa edilib - VİDEO
Bakıda piyada səkisinin zəbt edilərək üzərində dəmir konstruksiyalardan ibarət obyekt inşa edildiyi iddia olunur. Söhbət Suraxanı rayonu, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsindən gedir. Yolu bu ərazidən düşənlər və yaxınlıqda yaşayanlar da sözügedən küçədə səkinin üzərində müxtəlif təyinatlı obyektlərin inşasından narahatlıqlarını ifadə edirlər. Sakinlər iddia edirlər ki, iki həftə əvvəl ərazidə dəmir konstruksiyalardan ibarət növbəti tikili inşa olunub. Dəmir konstruksiyadan inşa olunan obyektin sahibi ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən tikilinin yerində əvvəl təkər təmiri sexi fəaliyyət göstərib və bununla bağlı müvafiq icazə sənədləri mövcuddur. Bir müddət əvvəl Samir Cəfərov küçəsində aparılan abadlıq işləri çərçivəsində müasir standartlara cavab verməyən təmir sexi sökülərək küçənin qarşı tərəfinə köçürülüb. Ərazidə təmizlik işləri aparıldıqdan sonra isə obyekt yenidən əvvəlki yerinə qaytarılıb. Günəşli bələdiyyəsindən isə bildirildi ki, obyektin yerləşdiyi ərazidə ümumiyyətlə səki olmayıb. Sözügedən tikili köhnə sexin yerində inşa edilib. Bir müddət öncə aparılan abadlıq işləri çərçivəsində ərazidən köçürülən təkər təmiri sexi yenidən bərpa olunub. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 





















