İsa Həbibbəyli: "Televiziyada ana dili ilə bağlı proqramların təşkilinə yenidən baxılmalıdır"
"Azərbaycan dili ilə bağlı problemlər var və bunu həll etmək bizim ümummilli məsələmizdir". Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli Parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib. O bildirib ki, Milli Elmlər Akademiyası proqram şəklində 15 cilddən ibarət Azərbaycan tarixi ilə bağlı sənəd Prezident İlham Əliyevin AMEA-nın yubiley tədbirində səsləndirdiyi fikirlər əsas istiqamət olaraq əksini tapacaq: "Reklam bazarında, efirlərimizdə, dərsliklərimizdə bəzən alınma kəlmələrdən lazım olmadıqda istifadə olunur. Düşünürəm ki, müvafiq qurumlar bu məsələni müzakirə edib həll etməyə borcludurlar. Bu, ümummilli məsələdir. Həmçinin Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalı, onun fəaliyyəti aktivləşdirilməlidir. Həmçinin televiziya proqramlarında ana dili ilə bağlı proqramların təşkilinə yenidən baxılmalıdır". İsa Həbibbəyli bildirib ki, hazırda orfoepiya lüğəti hazırlanır: "Texnoloji inkişaf olmadan ümumi inkişafa nail olmaq mümkün deyil. Süni intellekt, kibertəhlükəsizlik sahəsində də inkişafa nail olmalı və bunu işimizdə tətbiq etməliyik". AMEA prezidenti əlavə edib ki, Tarix İnstitutu yeni atlas xəritələr hazırlayır: "Burada, həmçinin sovet dövründən əvvəl Azərbaycan ərazilərinin adları əks olunacaq. Bunun üçün geniş tədqiqatlar aparılır".





















