Birdəfəlik müavinət alınmadıqda ləğv edilir? – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında doğulan hər bir uşaq üçün birdəfəlik müavinət verilir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət, şəxsin müraciəti olmadan hüququ yaranan an proaktiv qaydada təyin olunur. Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bəzən isə ailə uzun müddət müxtəlif səbəblərdən doğulan uşaq üçün dövlət tərəfindən verilən birdəfəlik müavinəti ala bilmir. Bəs müavinət alınmadığı təqdirdə ləğv edilir və ya qüvvədə qalır? Məsələ ilə bağlı Mediaxeberleri.Az-a Dövlət Müdafiə Sosial Fondundan bildirilib ki, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün bu müavinət proaktiv qaydada, yəni şəxsin hüququ yarananda onun müraciət etməsini gözləmədən təyin olunur və bu barədə valideynin elektron ünvanına və sığortaolunana məxsus mobil nömrəyə (olduğu halda) bildiriş göndərilir: “Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət sığortaedən tərəfindən müraciət edildikdə verilir. 2021-ci ildən əvvəl doğulubsa, bu zaman Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət etmək lazımdır. Müraciət əsasında baxılır, həmin dövrdə verilməyibsə, müraciət istəyi təmin edilir. Müraciət zamanı doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi tələb olunur”.





















