Sumqayıtda təmir olunmayan yollar: Yaşıl Dərənin küçələri palçıqdan nə zaman azad olunacaq? - Video
Sumqayıt şəhərinin Yaşıl Dərə yaşayış massivində yol və küçə işıqlandırması ilə bağlı problemlər sakinlərin narazılığına səbəb olub. Mediaxeberleri.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər uzun müddətdir təmir olunmayan yolların xüsusilə yağışlı havalarda keçilməz vəziyyətə düşdüyünü bildirirlər. Küçələrdə yaranan palçıq və gölməçələr həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirir. "20 ildir burada yaşayıram. Hər dəfə yolu öz vəsaitimiz hesabına düzəldirik. Yağış yağanda təxminən bir ay buradan keçmək mümkün olmur. Maşınlar xarab olur", - deyə sakinlərdən biri qeyd edib. Onlar problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin nəticə əldə olunmadığını deyirlər. Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsindən bildirilib ki, Yaşıl Dərə yaşayış massivində Səttar Bəhlulzadə küçəsinin təmiri və asfaltlanmasının növbəti illər üzrə tədbirlər planına salınması nəzərdə tutulur. Qeyd edilib ki, yolun texniki vəziyyəti, ərazidə yaşayan sakinlərin ehtiyacları və mövcud imkanlar nəzərə alınaraq müvafiq tədbirlərin həyata keçirilməsi qiymətləndiriləcək. Qurumdan həmçinin bildirilib ki, yol təmir edilərkən yeni işıq dirəklərinin quraşdırılması və məhəllənin infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər görüləcək.





















