Avtomobil nömrələri ilə bağlı açıqlama
“Bir nömrəni eyni anda iki maşına taxmaq, nömrəni başqa avtomobilə uyğunsuz şəkildə quraşdırmaq və ya nömrəni dəyişdirib istifadə etmək qanunla qəti şəkildə qadağandır”. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında “Ekspert-SM LTD” MMC-nin hüquqşünası Nigar Mustafayeva bildirib. Onun sözlərinə görə, dövlət qeydiyyat nişanı, hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun uçotda olmasını və istismar hüququnu təsdiqləyən rəsmi identifikasiya lövhəsidir: “Azərbaycanda nömrə nişanlarının verilməsi, dəyişdirilməsi, qorunması və istifadə qaydaları “Yol hərəkəti haqqında” Qanun, İnzibati Xətalar Məcəlləsi və digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Qanunun 29-cu (29.3- nömrənin saxlanılıb yeni avtomobilə keçirilməsi) maddəsindən çox insan xəbərsizdir. Müəyyən hallarda nömrənin başqa avtomobilə keçməsi qanunidir. Qanuna əsasən, satıcı avtomobilini satırsa və nömrənin avtomobilin üzərində qalmasına etiraz etmirsə, alıcı da həmin nömrənin qalmasına razıdırsa, o zaman nömrə saxlanılaraq yeni qeydiyyata alınır. Bu nömrə yalnız avtomobili satan şəxsin istəyi ilə, alıcının razılığı olduqda, satıcının digər avtomobilinə verilə bilər. Bu qayda 2011-ci ildə təsdiqlənib, lakin uzun müddət tətbiq olunmayıb. Son illərdə artıq həm BDYP İdarəsində, həm də regional qeydiyyat bölmələrində aktiv şəkildə tətbiq edilir”. 





















