"Orbita" MTK sakinin razılığı olmadan mənzili dağıtdı - VİDEO
Bakının Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki yataqxana tipli binada yaşayan vətəndaş iddia edir ki, onun razılığı olmadan, həmçinin məhkəmə prosesi davam etdiyi halda mənzili "Orbita" MTK tərəfindən içində əşyaları ilə birlikdə sökülüb və yararsız hala salınıb. Şikayətçinin sözlərinə görə, sözügedən mənzillə bağlı tikinti şirkəti ilə ortaq məxrəcə gələ bilmədikləri üçün iş məhkəməyə qədər gedib çıxıb. Rayondan səfərdən qayıdan zaman isə mənzilini dağıdılmış vəziyyətdə görüb: "Şirkət burada bina tikməyi təklif etdi və bizə olduğundan az sahə təklif olundu. Razılaşmadıq və bizi məhkəməyə verdilər. İş hazırda məhkəmədədir, amma evimizi məhkəmə qərarı olmadan, icazəsiz söküblər. Rayondan qayıdanda gördük ki, mənzilimiz dağıdılıb. İçəridə avadanlıqlarımız var idi, onlardan heç bir xəbər yoxdur". "Orbita" MTK-nın köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov deyilənləri inkar edərək ev sahibinin mənzildən çıxmaq üçün onlardan böyük məbləğdə pul tələb etdiyini bildirib: "Mənzil hazırda yerindədir. Ev sahibi 18 kvadratmetrlik mənzil üçün 60 kvadratmetrdən çox sahəsi olan mənzil istəyir". Söhrab Əhmədov mənzilin dağıdıldığını inkar etsə də, hadisə yerindən çəkilən görüntülər bunun əksini göstərir. Daha ətraflı Baku TV-nin videomaterialında: 





















