Virus infeksiyalarına yoluxma artır - İnfeksionist
Hazırda havaların soyuduğu oktyabr-noyabr aylarında və qışa doğru ölkəmizdə əhalinin kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma hallarının sayında hər il olduğu kimi təbii artımlar var və bu narahatedici deyil. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, lakin KRVİ çox vaxt qısamüddətli xəstəlik halları törədirlər və kiçik zaman kəsiyində fəsadsız sağalırlar: “Müalicə əsasən simptomatik aparılır. Yalnız risk qruplarına daxil olan insanlarda infeksiyaların gedişi əlverişsiz ola bilər. Bu infeksiyaların bir çoxu fəsli xarakter daşıyır, yəni payız-qış mövsümündə onların yayılması artır. Lakin ilboyu da bu viruslara az da olsa yoluxub xəstələnmə hallarına rast gəlinir”. İnfeksionist bu infeksiya haqqında da məlumat verib: “Kəskin respirator virus infeksiyaları (KRVİ) - yığcam termin olub, geniş yayılmış və tənəffüs yollarının kəskin xəstəliklərini törədən müxtəlif respirator virus infeksiyalarıdır. Əhali arasında "soyuqlama" dedikdə məhz bu infeksiyalar nəzərdə tutulur. Bunların 200-dən çox növləri məlumdur. Buraya qrip, paraqrip, adenovirus, rinovirus, respirator-sinsitial virus və digərləri aiddir. Bu viruslar əksərən yuxarı tənəffüs yollarını, bəzən isə aşağı tənəffüs yollarını və ağciyərləri zədələyirlər. Klinik mənzərələri eyni olduğundan bunları xüsusi laborator müayinələr aparmadan fərqləndirmək həmişə mümkün deyil”.





















