DİQQƏT! Bazarda satılan qoza su qatılır - GÖBƏLƏK TƏHLÜKƏSİ
Ölkənin daxili bazarında satılan qozla bağlı şikayətlər artır. Bazarda xalis qoz tapmaq müşkülə çevrilib. İstehlakçıların sözlərinə görə, qozun çəkisinin ağır gəlməsi üçün satıcılar məhsula su vururlar. Bunun göbələk yaratması təhlükəsi ilə bağlı narazılıqlar var. Mediaxeberleri.Az çoxsaylı şikayətləri nəzərə alaraq məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinə sorğu ünvanlayıb. AİİB-nin sədri Eyyub Hüseynov da deyilənləri təsdiqləyib. O bildirib ki, sulu qozlarla bağlı AİİB-yə istehlakçı zəngləri gəlir: “Şübhəsiz ki, qozun içinə su keçir. Yaxşı şəraitdə saxlanılmasa, qısa müddətdə qozda kif göbələkləri əməl gəlir. Buna görə də belə qozları almaqdan çəkinmək lazımdır. Araşdırmamıza görə, bu cür qozlar Azərbaycana xaricdən, çox güman ki, İrandan gətirilir. Çəkisi ağır gəlməsi üçün su vururlar. İstehlakçılara məsləhət görürəm ki, belə qozları almaqdan kənar olsunlar. Bu cür yerli qozlar da var. Yəni yerli qoz istehsalçıları da bundan geri qalmırlar. Sulu qozlar qısa zamandan kiflənir, insanlar isə bunu hiss etmirlər. Bir az da saxlasalar, kifli olduğunu görəcəklər". 





















