“Hazırkı şəraitdə ən doğru mövqe balanslı siyasət yürütməkdir” – Tofiq Zülfüqarov
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Şanxay Əməkdaşlıq Təşkilatının son sammiti barədə fikirlərini bölüşüb. O, qeyd edib ki, artıq belə bir təəssürat yaranır: ŞƏT sanki “anti-Qərb koalisiyası” formalaşdırmaq cəhdinə çevrilir. Zülfüqarovun sözlərinə görə, bu, yeni əsrin “antiantantası” ola bilər, lakin layihənin uğurlu və davamlı olub-olmayacağını yalnız zaman göstərəcək. Sabiq nazirin fikrincə, hazırda Azərbaycan müəyyən mənada şanslı vəziyyətdədir. Belə ki, Hindistanın mövqeyi sayəsində ölkəmiz bu yeni blokun tamhüquqlu üzvünə çevrilmək taleyindən yayınmış olub. T.Zülfüqarov həmçinin vurğulayıb ki, hazırkı gərgin beynəlxalq şəraitdə ən doğru mövqe balanslı siyasət yürütməkdir: “Bərabər məsafə və ya bərabər yaxınlıq siyasəti bu çətin dövrdə daha məqsədəuyğundur”, – o bildirib.