Donald Tramp-İlham Əliyev dialoqu: Qarşılıqlı etimada əsaslanan siyasi münasibətlər
Prezident İlham Əliyev 2024-cü ilin yayında Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-da keçiriləcək prezident seçkisinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını və Vaşinqtonda baş verən siyasi proseslərə obyektiv yanaşmasını nümayiş etdirmişdi. Dövlətimizin başçısı İlham Əliyev Trampın prezidentliyi dövründə ABŞ-nin yeni hərbi münaqişələrə qoşulmamasını, ailə və ənənəvi dəyərlərə verdiyi önəmi xüsusi vurğulayaraq, onun daxili və xarici siyasətindəki sabitlik amilinə diqqət çəkmişdi. Bu açıqlama Azərbaycanın regional və qlobal siyasi proseslərə bəsirətli yanaşmasının bariz nümunəsi idi. Mediaxeberleri.Az bildirir ki, bu barədə AZƏRTAC-da dərc olunan məqalədə qeyd olunub. Bildirilib ki, Donald Trampın yenidən prezident seçilməsindən sonra iki lider arasında baş tutan telefon danışığı və məktub mübadiləsi isə münasibətlərin yalnız rəsmi deyil, eyni zamanda, şəxsi etimada əsaslandığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-yə hazırkı səfəri bu dialoqun diplomatik müstəviyə keçərək konkret nəticələr doğura biləcək əməkdaşlıq mərhələsinə daxil olduğunu nümayiş etdirir. Bu, eyni zamanda, Vaşinqton-Bakı xəttində siyasi təmasların dərinləşməsi və qarşılıqlı hörmətə söykənən strateji münasibətlərin institusional xarakter almasının göstəricisidir. Xüsusilə vurğulamaq lazımdır ki, bu cür yüksəksəviyyəli liderlər dialoqu ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır, qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşməsi üçün zəmin yaradır. Liderlər diplomatiyası vasitəsilə ölkələr arasında strateji tərəfdaşlıq daha möhkəm, dayanıqlı və çevik xarakter daşıyır.