Tofiq Zülfüqarov: “Rusiya artıq Azərbaycana heç nə edə bilməz, çünki...”
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya ilə bağlı son prosesləri şərh edərkən diqqətçəkən fikirlər səsləndirib. Mediaxeberleri.Az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva bu gün nə siyasi, nə də iqtisadi baxımdan Azərbaycana ciddi təzyiq göstərə biləcək gücdə deyil. Zülfüqarov bildirib ki, Rusiya mediasında son vaxtlar artan anti-Azərbaycan ritorikası və yayımlanan “təxribat xarakterli materiallar” regionda sülh prosesini pozmağa çalışan qüvvələrə dəstək vermək məqsədi daşıyır: “Bu materiallar Rusiya dövlətinin rəsmi mövqeyini əks etdirməsə də, Kremlin müəyyən dairələrinin Azərbaycanla münasibətləri gərgin saxlamağa çalışan təzyiq vasitəsidir. Lakin bu cəhdlərin heç biri Azərbaycanın suveren iradəsinə təsir edə biləcək gücdə deyil.” Sabiq nazir əlavə edib ki, Azərbaycanın regional və qlobal tərəfdaşları ilə qurduğu balanslaşdırılmış və çoxşaxəli diplomatik siyasət nəticəsində ölkə artıq Rusiya kimi güc mərkəzlərindən asılı deyil: “Azərbaycanın enerji, nəqliyyat və təhlükəsizlik sahəsində alternativlərə çıxışı var. Ən əsası isə Azərbaycanın daxili siyasi sabitliyi və cəmiyyətin milli həmrəyliyi bu tip xarici təxribatlara qarşı dayanıqlı qalmağı mümkün edir.” Tofiq Zülfüqarovun bu fikirləri, xüsusilə Rusiyanın Cənubi Qafqazdakı informasiya təsiri vasitələri – Z-kanallar, bloqçular və hökumətə yaxın medianın son günlərdə Azərbaycana qarşı yayımladığı materiallar fonunda səslənib. O hesab edir ki, bu cür ritorikaya qarşı ən yaxşı cavab Azərbaycanın öz siyasi və diplomatik gündəmini dəyişmədən davam etdirməsidir.