"Barselona" və "Real Madrid" əfsanələri yenidən üz-üzə gələcəklər
"Barselona" və "Real Madrid"in əfsanələri arasında iki yoldaşlıq matçı keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat paylaşıb. Oyunlar sentyabrın 10-u və 14-ü ABŞ-də baş tutacaq. İlk matç Nyu-Cersi ştatının Harrison şəhərindəki "Red Bull Arena"da keçiriləcək. İkinci oyun isə hazırda "Barselona"nın keçmiş oyunçuları Lionel Messi, Serxio Buskets, Luis Suares, Xordi Albanın oynadığı "İnter Mayami"nin ev arenası olan Fort Loderdeyldəki (Florida) "Chase Stadium"da təşkil ediləcək. "Barselona Əfsanələri" komandasının baş məşqçisi Albert Ferrer olacaq. Rivaldo, Adriano, Klaudio Bravo və Paulinyo kimi veteranların meydana çıxacağı artıq dəqiqləşib. Tam heyət yaxın həftələrdə bəlli olacaq. "Real Madrid" isə dəvət edəcəyi əfsanəvi futbolçuların tam heyətini qısa zamanda açıqlayacağını bildirib. Qeyd edək ki, bu, iki komanda arasında səkkizinci və doqquzuncu görüşlər olacaq. Son qarşılaşma bu ilin aprelində Meksikanın Toluka şəhərində keçirilib. Əvvəlki görüşlər isə Beyrut, Təl-Əviv, Doha, Tokio, Puerto-Riko və Mumbayda baş tutub.