Şəkidə baş verən ağır qəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
Ötən gün Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb. Mediaxeberleri.Az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 28-i, saat 18:00-da baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunublar. "Müxtəlif bədən xəsarətləri alan şəxslərə - 1980-ci il və 1986-cı il təvəllüdlü pasiyentlərə müvafiq tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti orta ağır olan 1954-cü il təvəllüdlü şəxsin ailə üzvləri tərəfindən yazılı iltizamnaməsi alınıb. Onlar pasiyentə tibbi xidmət göstərilməsindən imtina ediblər", - deyə məlumatda bildirilir. Xatırladaq ki, VAZ-2107 və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində həyatını itirib, digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.