100 minə yaxın daşınmaz əmlaka “amnistiya” BUNLARI VƏD EDİR – AÇIQLAMA
“Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcəyi ilə bağlı qərar uzun müddətdir, müzakirə edilən məsələlərdəndir. “Aministiya”nın verilməsi 100 mindən artıq vətəndaşımızın mülkiyyət hüququnun təminatına, həmin əmlakların qeydiyyata alınmasına, onların iqtisadiyyata da cəlb edilməsinə imkan yaradacaq. Olduqca vacib qərardır”. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat bildirib ki, bundan əvvəl qeydiyyatsız evlər sadəcə mülkiyyət hüququ ilə məhdudlaşmırdı: “Vacib məqamlardan biri budur ki, vətəndaşların mülkiyyət sahiblərinin həmin əmlaklardan istifadə edə bilməmələri, sözügedən əmlakların iqtisadi fəaliyyətə cəlb edilə bilməməsi ilə nəticələnirdi. Belə ki, həmin əmlakların kreditə cəlbi də mümkün deyildi. Əmlaklardan bu istiqamətdə istifadə imkanı yox idi. Məhz həmin əmlakların həm də vergiyə cəlb edilmələri dövlət büdcəsinin gəlirlərinin artırılmasına gətirib çıxaracaq. Yəni bunun həm də fiskal tərəfləri var. Təbii ki, ən vacib məqam vətəndaşlarımızın mülkiyyət hüquqlarının tanınması və müdafiə olunmasıdır. “Aministiya” qərarı əmlakların qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının dövlət tərəfindən qorunmasına imkan verəcək. Bu da fundamental hüquqlardan birinin praktiki olaraq tam qorunması deməkdir”.