ZƏNGƏZUR DƏHLİZİ MASADADIR... - Politoloq Abu-Dabi görüşünün əsas nəticələrini AÇIQLADI
Abu-Dabidə Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilən görüş tamformatlı dövlətlərarası dialoq kimi xarakterizə edilir. Bu, artıq bir addım irəlidir. Çünki bundan əvvəlki görüşlər ayrı-ayrı platformalarda, ayrı-ayrı liderlər və xarici işlər nazirləri səviyyəsində keçirilir, müzakirələr aparılırdı. İndi isə hamı bir yerdə – dövlətlərarası formatda dialoq aparılır. Bunu politoloq Fərhad Məmmədov görüşün yekunlarını şərh edərkən bildirib. Onun sözlərinə görə, ikinci vacib məqam ondan ibarətdir ki, tərəflər bu danışıqları konstruktiv adlandırıblar və sadəcə mövqelərin səsləndirilməsi ilə kifayətlənməyib, onların müzakirəsi və ortaq məxrəcə gəlmək istiqamətində müxtəlif fikirlər bildirilib. “Bu da, öz növbəsində, kifayət qədər maraqlı məqamdır. Çünki bu, onu göstərir ki, hər iki tərəf nəticəyə köklənib və bu istiqamətdə düşünmək olar ki, müəyyən bir yol xəritəsi də formalaşdırıla bilər”, – deyə o əlavə edib. F. Məmmədov üçüncü məqam kimi sülh sazişinin paraflanması məsələsinin qeyd olunduğunu vurğulayır. “Bir neçə ay ərzində razılaşdırılmış mətn mövcud idi. Diplomatik dildə paraflanma o deməkdir ki, paraflandıqdan sonra tərəflər mətnə dəyişiklik edə bilməz. Yəni bu, artıq fakt kimi qəbul edilir”, – təhlilçi qeyd edib. Ekspert hesab edir ki, böyük ehtimalla, fərqli istiqamətlərdə atılacaq addımlardan ibarət bir yol xəritəsi ilə bağlı fikir mübadiləsi aparılıb: “Çünki bütün məsələlər bir-biri ilə bağlıdır”. Politoloq yeniliyin nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı fikir mübadiləsi aparılması ilə əlaqədar olduğunu qeyd edib. “Bu da, öz növbəsində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ikitərəfli formatın formalaşmaqda olduğunu göstərir. Əvvəllər Azərbaycan və Ermənistan arasında bu məsələ müzakirə olunmurdu. Çünki bunun üçün Rusiya iştirakı ilə üçtərəfli format mövcud idi. İndi isə görürük ki, bu məsələ artıq ikitərəfli müzakirə predmetinə çevrilib”, – F. Məmmədov bildirib.