Orxan Yusibov bu mərkəzə rəhbər təyin olundu
Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin İdarə Heyətinin sədr vəzifəsinə təyinat olub. Məlumata görə, bundan sonra Mərkəzə Orxan Yusibov rəhbərlik edəcək. Orxan Yusibov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr, Böyük Britaniyanın Essex Universitetində isə maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb. O, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də baş maliyyə inzibatçısı, Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyində direktor müavini vəzifələrində çalışıb. Sonrakı dövrdə Orxan Yusibov “Azərsilah” Müdafiə Sənayesi Holdinqində baş icraçı direktorun müavini kimi fəaliyyət göstərib. Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi müdafiə sənayesi sahəsində tədqiqat, innovasiya və yeni texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən qurumdur. Xatırladaq ki, Orxan Yusibov birinci "Yüksəliş" müsabiqəsinin qalibidir.





















