Şəhid Tahir Əliyev ziyarət olunub
Şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması, onların həyat və döyüş yolunun gənc nəslə çatdırılması doğma kollecin müəllim və tələbə kollektivinin qarşısında duran mənəvi borclardan biridir. Doğma kollecin yetirməsi olan, Vətən qarşısında öz müqəddəs borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan qəhrəman məzunlarımızdan biri də Əliyev Tahir Çingiz oğludur. Ağstafa rayonu Xətai kəndinin igid oğlu Tahir Əliyev Qazax Dövlət Sosial-İqtisadi Kollecində Elektrik təchizatı ixtisası üzrə təhsil alıb. Tələbəlik illərində onunla birgə təhsil alan tələbə yoldaşları və müəllimləri Tahiri səmimiyyəti, zəhmətsevərliyi və doğma torpağa bağlılığı ilə xatırlayırlar. Bu gün Tahirin adı kollecin məzunları arasında xüsusi ehtiramla çəkilir. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid əsgər Əliyev Tahir Çingiz oğlunun əziz xatirəsini yad etmək məqsədilə kollecin Elektrik təchizatı ixtisası üzrə təhsil alan tələbələri şəhidimizin məzarını ziyarət edib, onun ailəsinə baş çəkiblər. Tahir Əliyevin şəhidlik yolu onun doğma kəndi ilə yanaşı, təhsil aldığı kollecin tarixində də əbədi iz buraxıb. Bu gün onun ixtisası üzrə təhsil alan tələbələrin şəhid məzunun ailəsini ziyarət etməsi həm ehtiramın ifadəsi, həm də gənc nəslin Vətənə bağlılıq və milli dəyərlər ruhunda formalaşması baxımından əlamətdar hadisədir. Əliyev Tahir Çingiz oğlunun adı və əziz xatirəsi doğma kollecin yaddaşında daim yaşayacaq. Onun Vətən yolunda göstərdiyi fədakarlıq gələcək nəsillərə ötürüləcək mənəvi irsdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!





















