Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı QƏRAR
Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Halik Nəcəfovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə 01 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində Astara şəhəri 6 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Belə ki, sözügedən məktəbin gözətçisi Halik Nəcəfovun həmin elm ocağının direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb. Hadisənin baş verməsinə səbəb direktorla Halik Nəcəfovun məktəbdə katibə işləmiş arvadı Validə Məmmədova arasında olan ədavət olub. Olaydan bir neçə ay əvvəl Validə Məmmədova sosial mediada və kütləvi informasiya vasitələrində Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi. Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ülviyyə Bayramova isə Validə Məmmədovanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə Validə Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb. Bundan sonra Validə Məmmədovanın videogörüntülərini müxtəlif şəxslər, əsasən də məktəb kollektivi arasında yayılıb. Bundan xəbər tutan Halik Nəcəfov direktoru günahkar bilib və onunla mübahisə edib, görüntüləri tələb edib. Mübahisə zamanı Halik Nəcəfov direktora bıçaqla xəsarət yetirib. Halik Nəcəfova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Astara Rayon Məhkəməsinin hökmü ilə Halik Nəcəfov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti vermişdi.