Qazaxda dörd nəfərin öldüyü dəhşətli qəzanın SƏBƏBLƏRİ və FOTOLARI
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Qeyd olunub ki, 2025-ci il iyunun 5-də gecə saat 03:00-da Qazax rayonu Əskipara kəndi ərazisində baş vermiş avtoqəza nəticəsində dörd nəfər dünyasını dəyişib. İlkin araşdırmalara əsasən müəyyən edilib ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ramal Bəxtiyar oğlu Vəliyev BMW markalı, 10-SM-433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin - 1997-ci il təvəllüdlü Rafət Mahir oğlu Nəsirov, 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev və 2000-ci il təvəllüdlü Zaur Mahmud oğlu Əhmədov hadisə yerində həyatlarını itiriblər. İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub. Faktla bağlı araşdırma aparılır. "Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur", - məlumatda qeyd edilib.Qazaxda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin ilkin səbəbləri açıqlanıb.