Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
Tıxac probleminin həlli üçün şəhərin mərkəzindəki bəzi qurumlar şəhərdən kənara və bölgələrə köçürülə bilər. Mediaxeberleri.Az xəbər verir ki, unu Ajans.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. O bildirib ki, tıxaca səbəb olan əsas faktlardan biri də, şəhərin mərkəzində dövlət idarələrinin, universitetlərin yerləşməsidir: "Tıxac adətən əhalisi sıx olan, meqapolis şəhərlərə xas olan məsələdir. Bakı da illərdir tıxac problemindən əziyyət çəkir. Dövlət və müvafiq qurumlar bunun qarşısını almaq üçün addımlar atır. Mütəxəssis və ekspertlər ölkəyə dəvət olunur. Şəhər böyüyür, insanların və avtomobillərin sayı artır. Bu da tıxaclara səbəb olur. Şəhərdə tıxaca səbəb olan əsas faktlardan biri də, mərkəzdə dövlət idarələrinin, universitetlərin yerləşməsidir. Bəzi dövlət idarələrinin və nazirliklərin şəhər kənarında, yaxud bölgələrdə olması dünya təcrübəsində mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bir çox agentliklərin, qurumların, universitetlərin kənarlara və bölgələrə köçürülməsi çıxış yolu ola bilər". Deputat bildirib ki, bu proses yüksək maliyyə tələb edən məsələdir: "Reallaşması qısa vaxt ərzində çətindir, lakin mümkünsüz deyil. Məsələn, dünya təcrübəsində universitetlərin öz şəhərciyi olur, tələbələr təhsil aldığı müddətdə həmin şəhərcikdə yaşayırlar. Yeni təcrübələr öyrənilməlidir, bu, şəhər üçün də əhəmiyyətli olacaq".