QIŞDA HANSI ƏRZAQLAR BAHALAŞACAQ? – Ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA
Havaların soyuması və qış mövsümünün yaxınlaşması ərzaq bazarında qiymət dəyişiklikləri ilə bağlı müzakirələri aktuallaşdırır. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət məhsullarının qiymətində mümkün artımlar istehlakçıların xərclərinə təsir göstərə bilər. Məhsulların istehsalı, saxlanması və daşınması ilə bağlı xərclərin yüksəlməsi, eləcə də idxaldan asılılıq qiymətlərin formalaşmasında mühüm rol oynaya bilər. Qış aylarında ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq üçün hansı tədbirlərin görülməsi və bazarda qiymət sabitliyinin necə qorunması məsələsi diqqət çəkir. Qış mövsümündə Azərbaycanda hansı ərzaq məhsullarının qiymətində artım gözlənilir və buna təsir edən əsas amillər hansılardır? Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, kənd təsərrüfatı məhsullarının qiymətləri mövsümi amillərdən birbaşa asılıdır. Onun sözlərinə görə, xüsusilə meyvə və tərəvəz bazarında ilin müxtəlif dövrlərində təklif və qiymətlər arasında fərqlər müşahidə olunur: "Qış aylarında isə mövsümü başa çatan, yerli istehsalı azalan və saxlanma şəraitindən asılı olan bir sıra meyvə-tərəvəz məhsullarının bahalaşması baş verir. Bu dövrdə məhsul təklifinin azalması bazarda qiymət artımını şərtləndirən əsas amillərdən biridir". Ekspert qeyd edib ki, mövsümi qiymət artımlarının təsirini azaltmaq üçün ilk növbədə ölkədə soyuducu anbarların sayının artırılması, mövcud anbarların əhatə dairəsinin genişləndirilməsi və saxlama imkanlarının yaxşılaşdırılması vacibdir: "Belə ki, bəzi hallarda yay aylarında kifayət qədər məhsul istehsal olunsa da, saxlama şəraitinin məhdudluğu səbəbindən meyvə və tərəvəzlərin bir hissəsi sahələrdə və ya satışa çıxarılanadək xarab olur. Bu isə həm istehsalçıların maddi itkilərinə, həm də sonrakı aylarda bazara çıxarıla bilən məhsulun həcminin azalmasına gətirib çıxarır. Məhsulların mövsüm ərzində düzgün şəraitdə saxlanılması isə onların qış aylarında da bazara çıxarılmasına və təklifin nisbətən sabit qalmasına şərait yarada bilər". E.Kərimlinin fikrincə, soyuducu anbarların fəaliyyətində enerji xərclərinin azaldılması da bu baxımdan əhəmiyyətlidir: "Hesab edirəm ki, anbarlarda bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş enerjisindən istifadə imkanlarının genişləndirilməsi saxlanma xərclərinin aşağı salınmasına kömək edə bilər. Çünki enerji və digər əməliyyat xərclərinin yüksək olması məhsulların saxlanma qiymətinə təsir göstərir. Bu xərclərin optimallaşdırılması isə öz növbəsində məhsulların bazara daha münasib qiymətlərlə çıxarılmasına imkan yarada bilər". İqtisadçı əlavə edib ki, qiymətlərin sabitləşdirilməsi üçün idxal mənbələrinin şaxələndirilməsi və müxtəlif ölkələrlə təchizat əlaqələrinin genişləndirilməsi də mühüm rol oynayır: "Müəyyən mövsümlərdə yerli bazarda məhsul təklifi azaldıqda alternativ idxal mənbələrinin mövcudluğu yaranan çatışmazlığın aradan qaldırılmasına kömək edə bilər. Xüsusilə yay mövsümü daha uzun sürən və bəzi meyvə-tərəvəz məhsullarının istehsalı davam edən ölkələrdən idxal imkanlarının araşdırılması bazarda təklifin artırılması baxımından faydalıdır". Ekspertin qənaətinə görə, yerli istehsalın mövsümlər üzrə düzgün planlaşdırılması, məhsulların saxlanması üçün infrastrukturun inkişaf etdirilməsi və idxal coğrafiyasının genişləndirilməsi birlikdə tətbiq olunduqda mövsümi qiymət dalğalanmalarının təsirini azaltmaq mümkündür: "Bu tədbirlər həm məhsul itkilərinin qarşısının alınmasına, həm də istehlakçıların il ərzində meyvə və tərəvəzləri daha əlçatan qiymətlərlə əldə etməsinə töhfə verə bilər". Oğuz Ayvaz "AzPolitika.info"






















