Məhkəmə insan alverində təqsirləndirilən qadınla bağlı qərarı açıqladı
Ali Məhkəmədə insan alverində təqsirləndirilən S.Nəbiyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. S.Nəbiyevaya təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi onun himayəsində olan 2013-cü və 2014-cü il təvəllüdlü uşaqlarının 14 yaşına çatanadək təxirə salınıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin 62-ci və 79-cu maddələrinin tətbiq edilməsinə dair müddəalar xaric edilib, hökmlə S.Nəbiyevaya qəti olaraq təyin edilmiş 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, onun məhkəmə iclas zalından həbsə alınması müəyyən edilib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İttiham aktına görə, S.Nəbiyeva öz qurbanlarını 2021-ci ildə, müxtəlif aylarda Türkiyənin İğdır şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb, cinsi əlaqədə olmasını təşkil edib.