Gecə klubunda FACİƏ - 13 nəfər öldü, 46 nəfər yaralandı
Dominikan Respublikasının paytaxtı Santo Dominqoda məşhur gecə klubunun damı uçub. Bu barədə Mediaxeberleri.Az xarici KİV-ə istinadla xəbər verir. Hadisə nəticəsində 13 nəfər həyatını itirib, 46 nəfər yaralanıb. Hadisə yerli vaxtla saat 02:00 radələrində "Jet Set" əyləncə məkanında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, izdihamlı rəqs meydançasında canlı musiqi nümayişi zamanı dam qəfil çöküb. Gecə klubunda çəkilən və sürətlə sosial şəbəkələrdə yayılan görüntülər çökmədən bir qədər əvvəl rəqs meydançasının tamamilə dolduğunu göstərir. Digər videoyazıda səhnə çıxışı zamanı tavanın musiqiçilərin üzərinə düşməsi anı əks olunub. Yerli media ölənlər arasında qrupun səhnədə çıxış edən saksofonçusunun da olduğunu təsdiqləyib. ""Jet Set" gecə klubunda baş verən faciədən dərin təəssüf hissi keçiririk. Hadisə baş verdiyi andan vəziyyəti yaxından izləyirik. Dualarımız zərərçəkən ailələrlə birlikdədir", - Dominikan Respublikasının Prezidenti Luis Abinader sosial media hesabında yazıb. “El Dia” qəzetinin məlumatına görə, dağıntıdan sonra əraziyə 77 təcili yardım maşını, 8 yanğınsöndürən maşını və 30 mülki müdafiə əməkdaşı göndərilib. Xilasetmə işlərində 200-ə yaxın polis və 50 hərbçi də iştirak edib. Yerli səhiyyə rəsmiləri çökmə nəticəsində yaralananların olduğunu bildirib. "Kuba", "Royal", "Modern" və UCE tibb mərkəzləri də daxil olmaqla səkkiz xəstəxanaya paylandığını və bu xəstəxanaların qırmızı həyəcan vəziyyətinə gətirildiyini bildirib. Bəzi insanların hələ də dağıntılar altında qaldığı və xilasetmə qrupları ilə əlaqə saxladığı bildirilir. Axtarış-xilasetmə işləri davam edir.