Xaricdən dəvət edilən azərbaycanlı həkimlərin maaşları 4 dəfə azaldılıb? - AÇIQLAMA
“Nəinki Almaniyadan 200-ə yaxın həkimin ölkəyə gətirilməsi barədə eşitməmişəm, hətta düşünmürəm ki, Almaniyada təzə mütəxəssis olmuş, ayda ən az 5 min avro alan 200-ə yaxın həkim, üstəlik Avropada yaşamaq imkanı var ikən, Almaniyanı atıb, 5 min manat üçün Azərbaycana gəlsin. Özü də Azərbaycanın sığorta sistemində işləmək şərti ilə...” Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış Almaniya uzmanı, uroloq-androloq, uroonkoloq cərrah Rüfət Əsədbəyli deyib. “Uzun illərin mütəxəssisi sayılıram, lakin yeni mütəxəssis olsaydım belə, təfəkkürümlə ölkəyə tam qayıdası deyiləm. Hər 2-3 aydan bir Azərbaycana gəlirəm, sığorta sistemi ilə qətiyyən işləmirəm. Arada bir həkim özünü tanıtdı və rəsmi elan edirdi ki, guya Almaniyada 20-40 min avro maaş alırdı. Onsuz da onun dediyi cəfəngiyyat idi. Ola bilsin, Macarıstan və Ruminyadan Azərbaycana qayıdan həkimlər olsun. Hər halda bu dövlətlər Avropa adı daşıyır. Bu barədə deyə bilmərəm. Lakin bunu demişəm və indi də deyirəm, hazırkı sığorta sistemimiz köhnə sovet dövrünün "pulsuz təbabəti" kimidir, sözdə “pulsuz”dur. Faktiki isə xəstələrin pulu çıxır. Düzdür, nisbətən az çıxır, amma keyfiyyət məsələsi və gözləmə sırasını nəzərə alsaq, bu sistem heç cür özünü doğrultmur. Pulu olan insanlar qətiyyən sığortaya müraciət etmirlər”, - həkim bildirib. Xatırlatma: Dörd ay öncə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Almaniyadan 200-ə yaxın həkimin qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə başladığını demişdi. Bu günlərdə isə TƏBİB-in xaricdən dəvət etdiyi həkimlərin maaşının 4 dəfə azaldıldığı barədə xəbər yayılıb. Belə ki, əvvəlcə xaricdən geri çağrılaraq 5 min manat maaşla ölkəyə gətirilən həkimlərə hazırda 1200 manat maaş verildiyi, həkimlərlə 5 min manat əməkhaqqı müqaviləsinin cəmi 6 ay sürdüyü, sonra maaşların azaldığını bildirilir.