Şaxtalı havada evsizlər hara müraciət edə bilər? - Rəsmi
Qarlı və şaxtalı hava şəraitində evsiz insanlar üçün vəziyyət daha da çətinləşir. Küçədə yaşayan şəxslərin soyuqdan qorunması üçün hansı imkanlar var? Mediaxeberleri.Az-ın məlumatına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Axar.az-a bildirib ki, hazırda sığınacaqda 46 kişi və 32 qadın olmaqla, ümumilikdə 78 nəfər yaşayır. “Müəssisəyə qəbul olunan şəxslər 6 ay müddətində yemək, yaşayış yeri və geyimlə təmin edilir. Həmçinin sosial reabilitasiya xidmətləri də göstərilir. Çətin vəziyyətə düşən hər kəs qanunvericiliyə uyğun şəkildə müəssisənin xidmətlərindən yararlana bilər”, - o qeyd edib. Evsiz insanlar necə müraciət edə bilər? Evsiz insanlar və ya onların yaxınları aşağıdakı yollarla sığınacağa qəbul üçün müraciət edə bilərlər: - Şəxsin özü və ya qanuni nümayəndəsi tərəfindən; - Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyələrin göndərişi ilə; - DOST mərkəzləri və Sosial Xidmətlər Agentliyinin yerli qurumları vasitəsilə; - Qaynar xətt və Vatsap nömrələri ilə: - (012) 525 41 30 (qaynar xətt) - (050) 525 41 30 (Vatsap). Əgər küçədə yaşayan və yardıma ehtiyacı olan birini görsəniz, yuxarıda göstərilən əlaqə vasitələri ilə məlumat verə bilərsiniz.