"Pepsi”nin satışını həyata keçirən şirkət əməkdaşı məhkəmə zalından həbs edildi
Mingəçevir Şəhər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Emin Ələsgərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Elza Cəbrayılzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalından dərhal həbs olunub.
İttihama görə, Emin Ələsgərov 2021-2023-cü illərdə “NVR” MMC-yə məxsus “Pepsi” adlı spirtsiz içkilərin respublikanın müxtəlif rayon və şəhərlərində satışını həyata keçirən satış təmsilçisi vəzifəsində çalışıb. O, şirkətin Mingəçevir şəhərindəki anbarından götürdüyü “Pepsi”ni Naftalan şəhər, Goranboy və Yevlax rayonlarında fəaliyyət göstərən ticarət subyektlərinə sifariş əsasında satıb. Sonra Emin şirkətin ümumilikdə 11909,90 manat pulunu mənimsəyib.
İstintaq dövründə Emin Ələsgərovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.