Limitin ləğvi Azərbaycan futboluna zərər verəcək – Gözəl
Legioner limitinin ləğvinə həm sevinir, həm də üzülürəm. Mediaxeberleri.Az xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Teleqraf-a müsahibəsində deyib. “Sevinirəm ona görə ki, əlimiz açılır. Rəqiblərə qarşı əlimizdə daha yaxşı imkanlar yaranır. Üzülürəm ki, qısamüddətli xeyrimizə olsa da, uzunmüddətli Azərbaycan futbolunun zərərinədir. Limit aradan qalxanda daha rahatına qaçırsan və öz yetişdirdiyin futbolçulara baxmırsan. Azərbaycan futbolunda legioner limiti uzunmüddətli qalsaydı, məncə, daha yaxşı olardı”, - Gözəl vurğulayıb. 53 yaşlı klub rəhbəri yerli futbolçulara şans verilməsinin baş məşqçi Qurban Qurbanovun seçimi olduğunu bildirib: “Bu məsələdə Qurban hocanı dəstəkləyirik. Əminəm ki, onun seçdiyi öz futbolçuları var, onlara etibar edir. Qurban Qurbanovda bir xasiyyət var ki, bir futbolçuya inandısa, onun arxasında durur və şans verir. Ona görə texniki məsələlər sırf baş məşqçimizin cavablayacağı sualdır”. T.Gözəl növbəti mövsümdən Azərbaycan Premyer Liqasında 12 komandanın mübarizə aparacağına dair qərarı da şərh edib: “Bu artım futbolun keyfiyyətinə xidmət edəcəksə, normal baxıram. Bunu təcrübədən sonra görəcəyik”.