Ekspert onları "yıxıb-sürüdü": “Məktəbə uşaq yox, tərbiyəsiz valideynlər gedir"
“Məktəbə uşaq yox, tərbiyəsiz valideynlər gedir.” Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında paylaşdığı statusda yazıb. Ekspert qeyd edib ki, məktəbin giriş qapısının ağzında avtomobil saxlayan valideyn övladına qayğı göstərən biri deyil, cəmiyyətə hörmətsizlik edən, pis nümunə olan biridir: “Məktəblərin qarşısında, xüsusən də şagirdlərin hərəkət etdiyi ərazilərdə dayanma və durma qadağan olunmalıdır. Kamera quraşdırılıb, qaydanı pozanlara cərimə tətbiq edilməlidir! Ayıbdır, 100 metr kənarda maşını saxlayıb, piyada övladını məktəbə aparmaq istəmirsiniz. Hər yerə avtomobillə getməkdən şişib dəvədəlləyinə dönmüsünüz. Yolun ortasında maşını atıb məktəbə daxil olan valideyn, sənin bu hərəkətin yüzlərlə insana mane olur! Məktəb onsuz da ölkədə ən təhlükəsiz yerlərdən biridir. Uşağını məktəbə buraxmaq üçün etdiyin bu tərbiyəsizlik digərlərinə narahatlıq yaradır. Bu gün üç valideynə irad bildirdim, utanmadan özlərini haqlı çıxarmağa çalışdılar. Biz uşaqları yox, valideynləri tərbiyə etməliyik. Çünki uşaqların tərbiyəsini pozan məhz bu gerizəkalı valideynlərdir!”