Təhsil şöbəsinə müdir keçmək istədi, 12 mini mənimsənildi
Bakıda külli miqdarda dələduzluq əməlinə görə həbs edilmiş 1989-cu il təvəllüdlü Bəxtiyar Yusifovun daha bir cinayəti üzə çıxıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, 2021-ci ildən həbsdə olan və 7 il 6 ay həbs cəzasına məhkum edilmiş şəxs barəsində yeni cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarına müraciət edən Aqşin adlı şəxs Bəxtiyarın onu aldadaraq 12 min manat pulunu mənimsədiyini bildirib. O qeyd edib ki, Bəxtiyar özünü Təhsil Nazirliyində çalışan yüksək vəzifəli şəxsin sürücüsü kimi təqdim edib. Bəxtiyar Aqşini Gədəbəy Rayon Təhsil Şöbəsinə müdir təyin etdirəcəyinə dair yalan vəd verərək inandırıb və bu işi 20 min manat qarşılığında həll edəcəyini deyib. Bəxtiyar pulun 12 min manatını əvvəlcədən alıb. Lakin üstündən xeyli vaxt keçsə də, Aqşin Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilməyib. Aldadıldığını görən Aqşin hüquq-mühafizə orqanlarına müraciət edib. Bu zaman məlum olub ki, Bəxtiyar digər şəxslərə də külli miqdarda pul “atıb” və həbsdədir. 28 noyabr 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsi Bəxtiyara yeni cinayət işi üzrə hökm oxuyub. Onun cəzası qüvvədə olan digər cəza ilə birləşdirilib. Beləliklə, Bəxtiyar Yusifovun həbs müddəti 6 ay artırılaraq 7 il 6 aydan 8 ilə qaldırılıb.