Qətlə yetirilən polis əməkdaşının 10 gün sonra toyu olacaqmış
Gecə saatlarında Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarından birinin yaxın günlərdə toyu olacaqmış. Azxeber.com-un əldə etdiyi məlumata görə, polis serjantı Mahir Mayıl oğlu Ağayev nişanlı olub. M.Ağayevin 10 gün sonra toyu ilə bağlı planlar qurulub. Qeyd edək ki, vəfat edən serjantlar Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları olublar. Xatırladaq ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib. Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Qətlə yetirilən polis əməkdaşları polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.